Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib

16 Aprel 2019 23:56

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib.

Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, bu günlərdə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində bu mövzuda tədbir keçirilib.

Tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, "Yeni yazarlar və sənətçilər" İctimai Birliyinin sədri Aydınxan Əbilov, əməkdar jurnalist, hərbçi-şair Rəşad Faxralı və digər Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər.

F.Ağayev tariximizin şanlı səhifələrindən olan Aprel zəfərinin əhəmiyyətini, Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş edərək mühüm strateji mövqelərin ələ keçirildiyini xüsusi vurğulayıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasət nəticəsində hərbi sənaye sahəsində qısa müddətdə əldə edilmiş nailiyyətlər və hərbi potensialımızın gücləndirilməsi barədə danışıb.

Aparatın əməkdaşı aprel hadisələri günləri Ombudsmanın döyüş bölgələri olan Goranboy, Naftalan, Tərtər, Ağdam və Füzuli rayonlarının təmas xəttindəki yaşayış məntəqələrinə gəldiyini, yerli sakinlərlə görüşdüyünü, ermənilərin atəşi nəticəsində evlərin və sosial obyektlərin dağıldığının şahidi olduğunu, azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpəyə kimi getdiyini qürurla söyləyib.

Daha sonra Cocuq Mərcanlının qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğu, Müvəkkilin ora bir neçə dəfə səfərlər etdiyi, yerli sakinlər və əsgərlərlə görüşdüyü diqqətə çatdırılıb. E.Süleymanovanın Aprel qələbəsinin ildönümü ilə bağlı Zəfər yürüşündə iştirakı, Horadiz şəhərində dəfələrlə "Aprel Şəhidlərinə Xatirə" abidəsini ziyarət etdiyi bildirilib.

Qonaqlar bu əhəmiyyətli tədbirə dəvətə görə Müvəkkilə minnətdarlığını bildirib, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha dünyaya bəyan edən Aprel döyüşləri və qazanılan uğurlar barədə ətraflı məlumat veriblər. Onlar bu kimi tədbirlərin uşaq və gənclərin vətənpərvərlik, şanlı döyüş ənənələrinə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə Aydınxan Əbilovun redaktoru olduğu "Vətən sənsən!" vətənpərvərlik almanaxının təqdimatı da keçirilib. Liderlik Məktəbi üzvlərinin sualları ətraflı cavablandırılıb. Məktəblilər tərəfindən vətənpərvərlik şeirləri maraqla dinlənilib və alqışlarla qarşılanıb.

Eyni zamanda bu günlərdə Müvəkkilin regional mərkəzləri də müvafiq tədbirlər keçiriblər. Cəlilabad Regional Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə və Lənkəran Şəhər Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada, habelə DQİDK-in Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yardımlı rayonu Ənvər Mirzəyev adına Honoba kənd tam orta məktəbində Aprel qələbəsinə həsr olunmuş tədbirlər keçirilib. Həmin tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları,
ziyalılar, yerli sakinlər, müəllimlər, fəal gənclər və şagirdlər iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Aprel zəfəri ilə bağlı geniş çıxışlarında Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu qeyd edib. O, 2016-cı ilin Aprel döyüşlərində düşmən üzərində qazanılan qələbənin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb.

Z.İsmayılov Aprel döyüşlərindəki qələbələrin Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin başlanğıcı olduğunu bildirib, qəhrəman hərbçilərimizin yeni qələbə sevinci bəxş etməklə, tarixi ərazilərimizin bütövlüyünün tezliklə bərpa olunacağına hər birimizin inandığını vurğulayıb. Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb. Tədbirlərdən sonra aprel şəhidlərinin məzarları ziyarət olunub.

Milli.Az