Təzə 10 manatı mağazada saxta pul bildilər

16 Aprel 2019 16:39

"10 manatlığı satıcıya verdim ki, aldığımın pulunu çıxsınlar, satıcı dedi ki, pul saxtadır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Nərmin Nöqtə sosial şəbəkədə yazıb.

O, bildirib ki, əlindəki əsginazı saxta adlandıran mağaza əməkdaşı ondan pulu götürməyib. Daha sonra məlum olub ki, onun əlindəki pul saxta yox, yeni dövriyyəyə buraxılmış 10 manatlıq əsginazdır.

Xatırladaq ki, yenilənmiş 10 manatlıq pul nişanı martın 18-dən tədavülə buraxılıb. Əskinazın əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir edilib. Bundan başqa, pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunub. Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Milli.Az