"Azərsu" ASC-nin həbsdə olan sabiq əməkdaşının şikayətinə baxılıb

16 Aprel 2019 14:47

Bakı Apellyasiya Məhkəməsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Elgün İmranlının barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

İttihama görə, "Azərsu" ASC-nin sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.

Milli.Az