Eldar Qasımov: "Onsuz da hamımız cəhənnəmə düşəcəyik"

16 Aprel 2019 12:14

2011-ci ildə Azərbaycana ilk dəfə "Eurovision" qələbə sevincini yaşadan Eldar Qasımov bu yaxınlarda "Məsafələr" adlı yeni mahnısı ilə pərəstişkarlarının görüşünə gəlib.

Milli.Az-ın məlumatına görə, müğənni publika.az-a verdiyi müsahibədə etiraf edib ki, bu mahnı sevdiyi şəxsə olan hisslərindən doğan əsərdir.

- Məsafələr...

- Əvvəllər məsafəli biri deyildim, son zamanlarda hər kəslə aramda məsafə saxlamağa çalışıram. Kimsə rahatlıqla həyatıma girib özünü dost kimi təqdim edirdi. Ürəyi geniş insanam, çalışırdım ki, hamıya qarşı mülayim və mehriban olum, hissləri ilə oynamayım. Amma gördüm ki, bu adamlar boynuma çıxır, ondan sonra ünsiyyət prinsipini dəyişdim. İnsanları itirmək qorxusunu özümdən uzaqlaşdırdım. Daha dost-tanışdan heç nə gözləmirəm, çünki gözləntilər sonradan məyus edir. Bu yanaşma həyatımı asanlaşdırdı. Daha vaxt və enerjimi boş adamlara itirmirəm, indi həyatımda dərdləşə biləcəyim çox az adam var.

Sevgililər arasında da sözün əsl mənasında məsafə olmalıdır. Eyni evdə yaşayanda monotonluqdan bezməyə başlayırsan. Bu baxımdan məsafələr sevgini daha da gücləndirir, bir-birinizdən yorulanda dincələ bilərsiniz. Münasibətlər üçün məsafə sadəcə bir imtahandır. Əsl sevgi böyüdükcə məsafələr azalır. "Məsafələr" klipinin məhz dəniz və dağda baş tutması səbəbsiz deyil. Çünki dəniz və dağın məsafəsini qət etmək həqiqətən də çox çətindir. Amma əsl sevgi heç bir məsafəni tanımır. Dəniz nə qədər böyük, su nə qədər çox olsa, dağlar nə qədər hündür olsa da əsl sevgi bunların heç birinə təslim olmur. Məsafə əsl sevgi qarşısında acizdir. Əlbəttə ki, elə anlar olur ki, sevgilini qucaqlamaq, öpmək və nələrisə bölüşmək istəyirsən. Onda telefon kamerası da səni qane etmir. Bir tərəfdən də şadsan ki, ikinizin də dincələmək şansı var, sonra yenə qovuşursunuz. Yeri gəlmişkən, "Məsafələr" mahnım sevdiyim insana olan hisslərim nəticəsində ərsəyə gəlib.

- Münasibətlərin möhkəm olması üçün...

- Dürüst olmalı və yalan danışmamalısan.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Azərbaycanda bayağı mahnıları silərdim.

- Seviləsi insan olmağın ilkin şərti...

- Münasibətlərdə şərtlər yoxdur, ya səni olduğun kimi sevirlər, ya da sevmirlər. Bu, bizdən asılı deyil.

- Qadına qarşı şiddət...

- Cəmiyyətimizdə belə halların qarşısını almaq üçün həm kişilər, həm də qadınlar uşaq vaxtından maarifləndirilməlidir. Valideyn və məktəb tərbiyəsindən asılıdır. Qadına qarşı şiddət hər yerdə var, lakin bizdə nisbətən daha çoxdur.

- Vicdan...

- Son zamanlarda vicdanımın səsi məni rahat buraxmır. İşlərimin çoxunu yarımçıq qoyuram. Bax bu, məni hərdən yeyir.

- Təəssüf edirəm ki...

- Özümdən asılı olan işlərimi ləngidirəm.

- Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım, gələcəyimi özüm qururam.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Deyiləsi sözüm yoxdur. Küsmüşəmsə, deməli, məni qane etməyiblər.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Belə insan yoxdur, olsaydı, onun üçün Nigar Camalın "Get həyatımdan" mahnısını oxuyardım.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Yalan çox danışan adamlardan qaçıram. Görəndə ki, kimsə böyük yalan danışır, susmuram. Onu kənara çəkib niyə yalan dediyini səbəbini aydınlaşdırıram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Allah hər kəsə şüur verib, ya ondan düzgün istifadə edib yaxşı insan olur, ya da yolumuzu azıb pis insana çevrilirik. Seçim etmək üçün Allah hər kəsə eyni şans verib.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Həyatımız bizim üçün uzun və ağır ola bilər, amma kainat üçün bu, adi bir göz qırpımıdır. O qədər sivilizasiya gəlib-keçib ki, onların yanında biz heç nəyik. Bu sivilizasiya da bir gün məhv olacaq.

- Günahlarım yadıma düşəndə...

- Qorxmuram, onsuz da hamımız cəhənnəmə düşəcəyik.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki...

- Məni gəzməyə aparsınlar, çox tənbələm, günlərlə evdə otururam.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- İnancım həmişə qəlbimdədir.

- Qarşılaşdığım ən böyük ədalətsizlik o olub ki...

- Bəzi konsertlərdə müğənnilərə qonorar vermirlər. Eşitdim ki, bir çox sənət yoldaşım eyni problemlə üzləşib. Bu, ədalətsizlikdir, müğənnilər də hər bir işçi kim öz çıxışına görə qonorar almalıdır.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Məndən istifadə eləsin.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Riskli adam deyiləm, yüz dəfə götür-qoy edirəm.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- 10-a qədər sayıb dərindən nəfəs alır və sakitləşirəm.

- Yaxşı gündə, pis gündə...

- Gücünüzü itirməyin.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

Milli.Az