"Dostluq üçün futbol" turnirində Azərbaycanı təmsil edəcək nümayəndələr müəyyənləşib

16 Aprel 2019 09:37

"Sabah" futbol klubu (FK) bu il 7-ci dəfə təşkil olunacaq "Dostluq üçün futbol" (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

Klubdan verilən məlumata görə, mayın 28-dən iyunun 2-dək İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində klubun üzvləri də iştirak edəcək.

Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər.

Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün "Vanda Metropolitano" stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar.

Azərbaycanı Madriddə "Sabah" FK-un  U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanov təmsil edəcək. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.

Qeyd edək ki, "Dostluq üçün futbol" beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi - uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər - dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihə çərçivəsində Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş tədbirlər də keçiriləcək. Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir. Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.