Şamaxıda bəndin uçmasının səbəbləri açıqlanıb - FOTO

15 Aprel 2019 21:12

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Şamaxıda bəndin uçmasının səbəblərini açıqlayıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Qurum bildirir: "Ötən gün "Şamaxıda bənd uçdu, kəndi su basdı" başlığı ilə məlumat verilib.

Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasına görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Məsələ ilə bağlı bildirmək istəyirik ki, hal-hazırda Türkiyənin "Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş." şirkəti "Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.

Magistral avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox məsafə vardır.

Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Bundan başqa çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib".

Milli.Az