Xalq yaddaşında "Abu-neysan" hansı dövrdür?

15 Aprel 2019 22:48

Xalq təqvimində aprel ayı iqlim dəyişikliyinə görə ən təzadlı ay hesab olunur. Müxtəlif illərdə fərqli olsa da, demək olar ki, bu ayda hər gün təbiətdə dəyişiklik baş verir. Kəndlərdə yaşayan hər kəs yaxşı bilir ki, aprel ayında bir neçə saat yağan yaz yağışından sonra təbiətdə dərhal dəyişiklik əmələ gəlir. Bu göstərir ki, bu ayda xalq təqvimini nəinki günlərə, hətta saatlara da bölmək olar.

Nə gözəl ruzigar oldu...

Milli.Az bildirir ki, AZƏRTAC-a müsahibəsində tədqiqatçı jurnalist Zaleh Novruzov deyib ki, aprel ayında yağan yağışa "neysan" (abu-neysan) deyirlər. Bəzi tədqiqatçılar leysanla neysanı eyniləşdirirlər. Hər kəs bilir ki, leysan fasiləsiz və gur yağan yağışlara deyilir. Böyük dağıntılara səbəb olan bu yağış arzuolunmazdır. Neysan isə aprel ayında yağan, bitkilərin, əkin sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən yağışdır. Etnoqrafik yaddaşımıza, ata-babalarımızın dünyagörüşünə əsaslanaraq demək olar ki, aprel ayının 15-dək olan dövr xalq təqvimində "abu-neysan" adlandırılıb.

XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Qasım bəy Zakir "Oldu" şeirində də bu mövzuya toxunaraq yazıb:

Əmr olundu, abi-niysan!

Cansızlara bəxş etdi can.

Yenə təzələndi dövran,

Nə gözəl ruzigar oldu!

Zaleh Novruzov qeyd edib ki, xalq təqvimində "qara yaz" adlanan bölgü var. Bəzən tədqiqatçılar qara yazın bölgüsünü fərqli aparırlar. Üçcildlik "Azərbaycan etnoqrafiyası" kitabında yaz günlərindən aprel ayının sonlarına kimi, yəni, yazdan 40 gün keçən dövr "qara yaz" adlandırılıb. Yaşlıların dediyinə görə, əvvəllər qara yaz çıxmamış sobaları yığışdırmazdılar. Topladığımız məlumatlar da göstərir ki, Naxçıvanda yazın ilk günündən aprelin 15-nə qədər olan dövr "qara yaz" adlanır. Xüsusən heyvandarlıqda qara yaz ağır dövr hesab edilir. Bəzi illərdə hələ Novruz bayramından əvvəl düzən və təpələrin güney hissəsi yaşıllaşsa da, heyvan yerdən ot götürə bilmir, yaz otuna ağzı dəydikdə quru yemi yaxşı yemir. Naxçıvanın qışı soyuq, yayı isə isti və quraq keçdiyinə görə alçaq dağlıq hissələrdə yazın ilk iki ayını çıxmaq şərtilə bitki örtüyü zəif olur. Buna baxmayaraq, yaşlılar söyləyirlər ki, payızda qoyun dərisini yerdə sürüyən zaman üzərinə çör-çöp yapışsa, bil ki, qoyun-quzu ac qalmayacaq. Yazda isə dərinin üzərinə bir yumurta həcmində göy ot yığıbsa, deməli, heyvanların qidası yaxşı olacaq. Bu dövrdə otun az olmasına baxmayaraq, el arasında deyildiyi kimi, "qoyun dişini qıcayır" - yəni, yem götürməyə çalışır.

Qırx kötük, qırx şələ odun, qırx çuval saman

Xalq təqviminə görə, martın sonu - aprelin birinci yarısı "keçiqıran" dövrü adlanır. Bu dövrdə yaşlı və arıq keçilər bir balaca hava soyuq olan kimi qırılır. Ona görə də el arasında "keçinin beli isinməsə, əmələ gəlməz" deyirlər. Aprel ayının 15-dən sonra havalar isinir, çöldə ot cücərməyə başlayır. Bəzən el arasında "hava soyuqdur, ot gəlmir" deyirlər. Qara yaza başqa yaşayış məskənlərində "oğlaqqıran", "keçiqıran", "davardoymaz", "yatardurmaz", "gedər-gəlməz" də deyirlər. Təcrübəli heyvandarlar çalışırlar ki, bu dövrdə heyvanın "dizi sınmasın" (çox zəifləməsin). Ümumiyyətlə, el arasında qara yaz vaxtı ağır dövr hesab edilir. Ona görə də "bayramdan sonraya qırx kötük, qırx şələ odun, qırx çuval saman saxla" ifadələri yaranıb. Babalarımız Novruzu təntənə ilə qeyd etsələr də, hələ də çətinliklərdən qurtarmadıqlarını hiss ediblər. "Lənət marta, aprelin 15-nə kimi" ifadəsi də buradan meydana gəlib.

"Tarçıx" dövrü

Tədqiqatçı-jurnalist bəzi etnoqrafların fikirlərini də xatırladır. Deyir ki, elə ki yazın qırxı çıxdı, təzə-tər yaz otları cücərir. Yazın ilk sədaları ilə başlayan bu müddət el arasında "tərçıx", "tarçıx" dövrü adlanır. El arasında "mal-qaranın ağzı elə ki tarçıxa çıxdı, qorxu yoxdur" deyirlər. "Tarçıx", "tərçıx" sözünü yazda tər otların çıxması, qışda tövlədə tərləyən mal-qaranın tərinin çıxması kimi izah edirlər. Çöl tədqiqatlarında isə bu sözün izahına rast gəlmədik. Araşdırmalardan bu qənaətə gəlirik ki, bu söz "tarçıx" olub, "gecə otarmaq", "qaranlıqda çıxmaq" mənasındadır. "Tarçıx" sözünün mənası haqqında belə bir ehtimal da var: Xalq arasında sutkanın vaxt bölgüsünə müxtəlif adlar verilib. Şər vaxtı (günbatan), xoruz banı, köpək tayadan düşən vaxt, itin qurddan seçilən vaxtı, toyuqlar tara çıxan vaxt və sair. Toyuqlar, adətən, axşamçağı gün əyiləndə tara (hündürdə uzununa düzəldilmiş tir) və ya ağacların budağına çıxırlar ki, həmin vaxt "toyuq tara çıxan vaxt" adlanır.

Durna gəldi çıx şuma, durna getdi çıx tuma

Zaleh Novruzov deyib: Yazın girməsi "kotan (cüt) dövrü" də adlanır. Novruz bayramının səhəri şum başlanır. Babalarımız həmin gün elliklə sahəyə çıxar, ilk şırımı xalqın mötəbər bildiyi, əli ruzili adam edərdi. Səpin zamanı da ilk toxumu yerə həmin adam atar, Ulu Yaradandan ruzi-bərəkət diləyərdi. Atalarımız əkin, səpin vaxtını da təbiəti müşahidə ilə təyin edərdilər. Ona görə də "Durna gəldi çıx şuma, durna getdi çıx tuma" ifadəsini işlədiblər. Şumun və səpinin vaxtında aparılması əsas şərtdir. "Bazardan qalsan, bir gün qalarsan, əkindən qalsan, bir il qalarsan" atalar sözü də elə buradan yaranıb. Suvarılan əkinlərə "armuda var", "armud gülü" suyu verilir. Bu cür adlandırma suvarma vaxtını armudun çiçəkləməsi ilə təyin etmək ənənəsindən meydana gəlib.

Dəmyə əkinlərin vaxtında - ilk yağışlar yağana qədər aparılması da əsas şərtdir. Yoxsa yağan yağışlardan sonra yaranan palçığa görə əkin aparıla bilməyəcək və əkin bir neçə gün yubanacaq, məhsuldarlıq aşağı düşəcəkdir. Bu dövrdə çöllərdə əhalinin əsas qidasını təşkil edən göbələk, yer kartofu, şomu, cacıq və digər dağ pencərləri yetişir. Aprelin sonlarında isə dağlardan bolu, çaşır yığılır.

"Arıçılar üçün də bu dövr qayğı ayıdır. Arı yeşiklərinin içərisi təmizlənir, ana arının olub-olmaması müəyyən edilir. Əgər ana arı ölübsə, yenisi qoyulur və ya yeşikdəki arılar anası olan zəif arı ailəsi ilə birləşdirilir. Xəstəlik və zərərvericilərə qarşı tədbirlər görülür. Ağacların çiçək açması ilə birgə arılar üçün ən işlək dövrlərdən biri başlayır. Bu isə arıçı sahibkarların, demək olar ki, hər gün onlara baxmalarını şərtləndirir", - deyən tədqiqatçı jurnalist Zaleh Novruzov bildirib ki, ta qədimdən ata-babalarımız uzun illərin müşahidə və təcrübəsinə əsaslanaraq aprel ayında görülən işləri təbiətdəki dəyişiklikləri izləməklə mərhələli şəkildə yerinə yetiriblər. Məhz bu ayda əl-qolu çırmayıb təsərrüfatdan bərk yapışmaqla bol məhsulun, ruzi-bərəkətin təməli qoyulub.

Milli.Az