"Taxt oyunları" serialının həlak olmuş qəhrəmanlarının "qəbiristanlığı" düzəldilib - FOTO

15 Aprel 2019 22:30

Foxtel teleşirkəti Sidneydəki parklardan birində məşhur "Taxt oyunları" serialının həlak olmuş qəhrəmanlarının "qəbiristanlığı"nı düzəldib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, parkda serialın qəhrəmanlarının məxsus olduğu Stark, Talli, Lanister və Frey ailələrinin sərdabaları quraşdırılıb.

Telekanalın mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir: "Foxtel serialın son fəslinin birinci seriyasının nümayişi ərəfəsində avstraliyalı fanatları populyar "Taxt oyunları" serialının qəhrəmanlarına hörmətlərini ifadə etmək üçün "Centennial" parkına dəvət edir. Serialın ən sevimli və ən çox nifrət doğuran personajları üçün Vestoros nekropolu final epizodları ərəfəsində baş verən hadisələri bir daha xatırlamaq üçün nadir imkandır".

Parkın təqribən 2 min kvadratmetrlik hissəsində serialın üslubuna uyğun yaradılan 34 abidə quraşdırılıb. Şəhər rəhbərliyi "qəbiristanlığı" yalnız bir neçə günlüyə təşkil etməyə icazə verib. "Taxt oyunları" serialının sonuncu, səkkizinci fəslinin birinci seriyasının nümayişindən dərhal sonra onun ləğv ediləcəyi bildirilir.

Parka gələnlər burada quraşdırılan sərdabaları maraqla qarşılayıblar.

Milli.Az