Ekspert: "Müxalifətin daxili intriqa və çəkişmələr içində olması onun siyasi perspektivini məhv edən faktora çevrilib"

15 Aprel 2019 17:59

Müxalifətin daxili intriqa və çəkişmələr içində olması onun siyasi perspektivini məhv edən faktora çevrilib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, bu gün Azərbaycanda hakimiyyətə gəlmək iddiasında olan müxalifət cəmiyyətin həlledici dəstəyinə qətiyyən sahib deyil, əsasən küçə-meydan aksiyaları ilə hərəkət etdiyi üçün ictimaiyyət onlardan mümkün qədər uzaq durmağa çalışır:

"Bu partiyalar klassik təsnifat prinsiplərinə uyğun partiya formasına hələ düşməyiblər və proseslər göstərir ki, şansları da yoxdur, beynəlxalq partiyalararası inteqrasiya proseslərində ya heç iştirak edə bilmirlər, ya da 15-20 il əvvəl yaradılmış əlaqələr sonradan inkişaf edə bilməyib. Müxalifət partiyalarının həm də xarizmalı lider problemi var. Partiyaların elitası və funksionerləri demək olar ki, barmaqla sayılası qədərdir. İqtidara qarşı yalnız ittihamlar yağdırsalar da, real akternativ olan heç bir daxili və xarici siyasət platforması təqdim etməyiblər, siyasi hakimiyyəti səmərəli idarə etmək təcrübəsinə qətiyyən malik olmadıqları üçün cəmiyyət onlara etibar etmir. Azərbaycanın belə parametrlərə malik radikal müxalifətinin seçki və ya qeyri-seçki üsulları ilə hakimiyyətə gəlmək gücü yoxdur".

Ekspert qeyd edib ki, ümumiyyətlə, hakimiyyət məsələsi üç mühüm və bir-biri ilə bağlı siyasi fenomendən ibarətdir: "Bunlar hakimiyyətə gəlməyi bacarmaq, hakimiyyəti ən azı orta bir dövr üçün əldə saxlamağı bacarmaq və onu səmərəli şəkildə həyata keçirməkdən ibarətdir. Hakimiyyətə hazırlaşan və bu iddiada olan hər bir siyasi partiya və ya hərəkat öncədən bu üç istiqamət üzrə tam hazırlıqlı olduğuna əmin olmalı və ictimaiyyəti də buna inandırmalıdır. İctimaiyyətin mütləq əksəriyyətinin buna inanması adətən seçki və ya qeyri-seçki müstəvisində kimin hakimiyyətdən gedəcəyini, ya da kiminsə gələcəyini müəyyən edir".

O vurğulayıb ki, xarizmatik lider, dövlət idarəçilik təcrübəsi, geniş tərkibli komanda və beynəlxalq leqal partnyorluq əlaqələri baxımından indiki iqtidarın heç bir problemi olmadığını nəzərə alsaq, müxalifətin hakimiyyətə gəlmək şanslarının ümumiyyətlə sıfıra bərabər olduğu təsdiqlənir:

"Əgər indiki radikal müxalifətdən hansısa siyasi partiyanı hakimiyyət başında təsəvvür etsək, onun xalqla münasibətlərini daha çox qarşıdurma kimi təsəvvür etmək olar. 1992-1993-cü illərdəki bir illik hakimiyyətin kadr və siyasi platforması üstündə hələ də manevr edən radikalların hakimiyyət şansından ümumiyyətlə danışmaq olmaz. Hətta parlamentdə və icra hakimiyyəti sistemində heç bir iştirakçılıq gücü olmayanların sabah bütünlüklə hakimiyyətə sahiblənə biləcəyini necə təsəvvür etmək olar? Bunu da unutmaq olmaz ki, hələ heç bir siyasi qrup prezident postunda cənab İlham Əliyevi rasional şəkildə əvəz edəcəyinə və xaos proseslərinin qarşısını ala biləcəyinə inandıra bilməyib. Bunu müşahidələr də təsdiqləyir. Hazırda aparılan islahatlar, xüsusilə də sosial siyasət və sabitliyin qorunması xətti Prezident İlham Əliyevin ictimai rəydə alternativsizliyi fikrini daha da gücləndirir".

Baş redaktor bildirib ki, bu gün hakimiyyətə iddialı müxalifətin daxili intriqa və çəkişmələr içində olması, illərdir bundan yaxa qurtara bilməməsi onun siyasi perspektivini sadəcə məhv edən faktora çevrilib: "Bəllidir ki, belə daxili münasibətlər içində olanlar hakimiyyət imkanlarını xalqa yox, qisas və haqq-hesablara sərf etməyə məhkumdur. Azərbaycan cəmiyyəti hakimiyyətin hər təsadüfi qüvvələrin əlinə keçməsinə təkcə 1992-ci ildə dözüm göstərdi və ikinci dəfə dözə biləcəyi istisnadır. İndiki radikalların bir xüsusiyyəti də budur ki, illərdən bəri özlərini hakimiyyətə hazırlamaq işini də unutdular, sadəcə ittihamçılar kimi öz potensiallarını artırmaq haqqında düşündülər. Azərbaycanda indiki hakimiyyəti nə şəxsi xarizmatik, nə də konseptual nöqteyi-nəzərdən əvəz edə biləcək hazırlıqlı qüvvə yoxdur".

Milli.Az