MİDA "güzəştli mənzillər"in tikintisini "Kristal Abşeron"a həvalə etdi

15 Aprel 2019 14:00

İnşaat sektorunda 16 illik təcrübəsi və kefiyyət nümunəsi ilə müştərilərinin inamını qazanan "Kristal Abşeron" özəl layihələrlə yanaşı, dövlət sifarişi olan layihələri də uğurla icra edir. Növbəti dəfə isə şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "güzəştli mənzillər"in tikintisi ilə bağlı tenderin qalibi olub. Yəni, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu "Kristal Abşeron" şirkəti reallaşdıracaq.

Daha dəqiq desək, "Kristal Abşeron MTK" (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində "MİDA" MMC-nin sifarişi ilə hazırlanmış və dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli)  yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) MİDA-nın sərəncamına veriləcək və "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün "Kristal Abşeron" tərəfindən investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

"Kristal Abşeron" şirkətinin bu yatırımı həcminə görə MİDA tərəfindən indiyə qədər cəlb olunmuş ən böyük məbləğdir. Buna qədər Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində tikinti işlərinin aparılması üçün MİDA tərəfindən 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi reallaşdırılmışdır.

Xatırladaq ki, indiyə kimi "Kristal Abşeron" MTK Bakı, Sumqayıt və Xırdalan şəhərlərində bir-birindən gözəl layihələri uğurla icra edib. 2018-ci ilin may ayında isə podratçısı olduğu məcburi köçkünlər üçün nəzərdə tutulan "Qobu Park" yaşayış kompleksini istifadəyə verib. Yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev "Kristal Abşeron" şirkətinin işini yüksək qiymətləndirib.