Gürcüstan hakimiyyəti ermənilərdən bunu tələb etdi

15 Aprel 2019 12:49

Gürcüstan prezidenti Salome Zurabişvili Ana dili günü münasibətilə cənub bölgəsində yerləşən Axalkalaki şəhərinə baş çəkib. Adı çəkilən şəhərdə etnik ermənilər kompakt şəkildə yaşayır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Zurabişvili Mədəniyyət evinin fasadında gürcü əlifbasının hərflərindən ibarət pannonun (divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthi - red.) açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.

Vətəndaşlara müraciətində Zurabişvili dövlət dilini mükəmməl səviyyədə bilməyin vacibliyindən söz açıb.

Məlum olduğu kimi, Axalkalaki əhalisinin 85 faizi ermənilərdən ibarətdir və çoxları dövlət dilini məişət səviyyəsində bilir, habelə gürcü dilində ümumiyyətlə danışa bilməyən sakinlər də var.

O hər bir Axalkalaki sakininin gürcü dilini ən azından vətəndaşlıq almaq üçün imtahan verən xaricinin dil bilgisi səviyyəsində bilməli olduğunu vurğulayıb.

"Sizin və sizin uşaqlarınızın tamhüquqlu Gürcüstan vətəndaşları olmasını istəyirəm, ona görə, hamının ikili vətəndaşlıqdan yararlana bilməsi üçün çox işlər görmüşəm. Bu dəyişiklik artıq Konstitusiyada öz yerini tapıb və hazırda hər bir şəxs Gürcüstan vətəndaşlığını qaytara, bərpa edə bilər. Ancaq bunun üçün sizdən də bir addım tələb olunur. Dövlət dilini öyrənməlisiniz", -deyə gürcüstanlı prezident bildirib.

Milli.Az