Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər

14 Aprel 2019 18:51

Rusiyada mübahisə zamanı iki Azərbaycan vətəndaşı güllələnib.

Milli.Az Oxu.Az-a istinadən bildirir ki, onlardan biri ölüb, digəri isə təsadüf nəticəsində sağ qalıb.

Bildirilir ki, mübahisəyə səbəb çürük kartof olub. Sağ qalan azərbaycanlı bildirib ki, dostu ilə meyvə-tərəvəz bazarına gələrək bir nəfərdən 15 ton kartof alıblar. Lakin kartof anbara gətiriləndə, azərbaycanlılar aldadıqlarını başa düşüblər. Belə ki, məhsulun böyük hissəsi xarab olub.

Onlar bazara qayıdaraq satıcıdan pulun qaytarılmasını tələb ediblər. Kartofu satan şəxs isə malın dediyi əraziyə çatdırılacağı təqdirdə pulu qaytaracağını deyib. Vəd olunan saatda kartofla dolu maşın əraziyə gələndə, azərbaycanlılar orada naməlum şəxsləri görüblər. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman kartofu satan şəxsin adamlarından biri azərbaycanlılara odlu silahdan atəş açıb.

Qətli törədən şəxs polis tərəfindən axtarılır.

Milli.Az