Nardaranda əl qumbarası, partladıcı və avtomat patronları tapılıb - FOTO

13 Aprel 2019 21:51

Nardaranda əl qumbarası, UZRQM partladıcısı və 10-dan çox avtomat patronu tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, bu gün saat 13:10-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 14 ədəd 5.45 mm-lik patron və 1 ədəd AK-74 avtomatının darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı obyektlərin ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az