Ukraynada mövcud olan azərbaycanlı təşkilatları birliyə hazırdır

13 Aprel 2019 21:18

"Ukrayna Azərbaycanlılar Radasının sabahkı ilk qurultayında regionlardan gələn azərbaycanlı təşkilat nümayəndələri də öz fikirlərini söyləyəcəklər".

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev danışıb. Onun sözlərinə görə, regionlarda aparılan işlər nəticəsində söyləmək mümkündür ki, Ukraynada mövcud olan azərbaycanlı təşkilatları birliyə hazırdır:

"Çalışacağıq ki, birlikdə işləməklə istədiyimiz planları həyata keçirək. Çünki bizim lobbi elementlərimiz var. Ukraynada yerləşən diaspor dünyada ən güclü qüvvəyə malik diaspordur. Məsələn, Rusiyada yaşayan milyarderlərimiz belə var. Amma onların öz dövlətinə təsir gücü elə də yoxdur. Biz isə burada bir neçə dəfə hətta qondarma erməni soyqırımı məsələsini parlamentin müzakirəsindən də çıxarmışıq. Regional parlamentlərin də bunu müzakirə etməyini əngəlləmişik. Biz lazım olanda, öz sözümüzü deyə, istədiyimizə nail ola bilirik. Xatırlatmaq istəyirəm ki, bir neçə il bundan əvvələ qədər azərbaycanlıların oğurluqları belə olurdu. Bunun da qarşısı alınıb. Regionlarda strukturlarımız güclüdür. Elmlə, incəsənətlə, mədəniyyətlə bağlı güclü qurumlarımız var. Biz istəyirik  gənclərimizin potensialını daha çox üzə çıxaraq. Biz çalışırıq ki, ən azı 1-2 deputatımız Ukrayna parlamentində təmsil olunsun. Ukraynanın informasiya vasitəsi parlament tribunasına cəlb olunub. Oradan Azərbaycan sözü, Azərbaycan qüvvəsi hər zaman dövlətimizə, millətimizə xidmət edəcək.

Bir neçə qüvvəli təşkilatımız var. Biz hamımız bu istiqamətdə böyük işlər görmüşük. Bu təşkilatların birləşməsi böyük sinergiya verəcək. Mən buna inanıram".

Milli.Az