Gəncədə toydan qayıdan müğənnini döyüb öldürən şəxs MƏHKƏMƏ ÖNÜNDƏ

13 Aprel 2019 15:13

Gəncə şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan Həbib Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və baxış iclası aprelin 15-nə təyin edilib.

İttihama görə, ötən il iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Yusifov naməlum şəraitdə döyülüb. O, həmin gün ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Həbib Əliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Həbib Əliyevin barəsində Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, öldürülən Kamran Yusifov toylarda xanəndə kimi çıxışlar edib.

Milli.Az