Ailələrin tez dağılmasına nə səbəb olur?

13 Aprel 2019 21:25

Ətrafımızda 40 illik, 45 illik, hətta 50 illik ailələr var. Təbii ki, yeni ailə quranlar üçün bu çox maraqlıdır. Xüsusilə də, ailə həyatında problem yaşayanlar bu işin sirrini anlamaqda çətinlik çəkirlər.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, elə isə bu işin sirri nədədir və ya son vaxtlar ailələrin tez dağılmasına nə səbəb olur? Bu baxımdan, ailədə yeganə qayda qarşılıqlı hörmətdir. Yəni, ailədə nə qədər problem olsa da, tərəflər bir-birilərindən hörmətlərini əsirgəməməlidirlər. Bundan başqa, tərəflər arasında xoşagəlməz sözlərə (və ya ifadələrə) yol verilməməli, keçmişdə baş verən xoşagəlməz hadisələrdən qarşı tərəfə təsir göstərmək məqsədi ilə istifadə olunmamalıdır. Digər tərəfdən, danışarkən qarşı tərəf də nəzərə alınmalı, səs tonuna (ən çox da vurğulara) xüsusi diqqət yetirilməlidir. Bundan başqa, ailədə sevginizi də bir-birinizdən gizlətməməlisiniz. Buna görə də, "Mən sevgimi büruzə verə bilmirəm!" cümləsini lüğətinizdən birdəfəlik çıxarılmalısınız. Xüsusilə də, həyat yoldaşınızın "sevgi dili"nə uyğun üsullar seçilməlisiniz. Bəzən kiçik bir hədiyyə, bəzən də şirin bir söz bu işdə köməyinizə çata bilər.

Başqa vacib bir məsələ isə ailədə tərəflərin bir-birilərinə vaxt ayırmalarıdır. Son vaxtlar televizor, internet, sosial şəbəkələr və s. buna imkan verməsə də, tərəflər birlikdə söhbət etməyi, gəzməyi və yemək yeməyi unutmamalıdırlar. Digər tərəfdən, fədakarlıq da ailədə ən vacib şərtlərdən biridir. Tərəflərin bir-birilərinə qarşı fədakar olması ailənin uzunömürlülüyü üçün çox vacibdir. Həmçinin, tərəflər bir-birilərinin ailələrinə öz ailələri kimi qiymət verməli və öz ailələri kimi hörmət göstərməlidirlər. Bəzən də elə olur ki, tərəflər uşaqlarını ön plana çıxarır və həyat yoldaşlarını arxa plana keçirirlər. Halbuki, tərəflər arasında ünsiyyət nə qədər sağlam olsa, tərəflərlə uşaqlar arasında da ünsiyyət o qədər sağlam olar.

Milli.Az