İnsan öz arzu və istəyi ilə tanınar...

14 Aprel 2019 22:35

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 201-ci ayəsində buyurur:

وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

"İnsanların bəziləri deyirlər: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də həsənə (yaxşılıq, gözəl nemətlər) əta et və bizi odun (cəhənnəm) əzabından qoru!"

Milli.Az maide.az-a istinadən bildirir ki, xalqı tanımaq yollarından biri onların arzuları və duaları ilə tanışlıqdır. "Bəqərə" surəsinin 200-cü ayəsində bir qrup şəxsin istək və arzusu ilə bağlı belə buyurulur:

فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ

"İnsanlardan bəziləri belə deyirlər: "Ey Rəbbimiz! Bizə dünyada əta et!" Belə şəxslərin axirətdə heç bir payı yoxdur!"

Bu qrup insanın istəyi dünyaya aiddir; onlar bunun xeyrini-şərini düşünmürlər. Sözügedən ayədə isə ikinci qrupun istəyi "həsənədir". Allahdan həm dünya, həm də axirətdə "həsənə" istənilir. Birinci dəstənin nəzərində əsas dünyadır. İkinci dəstə isə "həsənə" olan və axirətlə sonuclanan dünyanı dəyərli sayır.

Rəvayətlərdə dünya və axirət xeyirlərinin müxtəlif nümunələri sadalanmışdır. "Həsənə" isə bir neçə nümunə ilə məhdudlaşır. ("Təfsiri-Nurus-səqəleyn", c.1, səh.199.)

Qurani-Kərimdə 115 dəfə "dünya", 115 dəfə "axirət" sözləri işlədilmişdir. Bu bir təsadüf deyil. Əlbəttə, belə bir nəticə də çıxarmaq olmaz ki, dünya və axirətin əhəmiyyəti eynidir.

Dualarda ümumi məsələlər bəyan olunur. Nə əta etmək isə Allahın öhdəsinə qalır. Biz Allahdan həsənə, yaxşılıq və səxavət istəyirik. Çünki tərəqqimizin və xeyrimizin nədə olduğunu bilmirik. Bunu Allahın ixtiyarında qoyuruq. İnsan elmi məhdudiyyətlərə, agahlığının olmamasına görə xoşbəxt həyat üçün nəyə ehtiyaclı olduğunu bilmir. Ona görə də tövsiyə olunur ki, Allahdan vasitə yox, işin özünü istəyək. Çünki Allah həmin istəyimizi ağlımıza gəlməyən vasitələrlə gerçəkləşdirə bilər. Məsələn, Allahdan həcc ziyarətinə getmək tövfiqi istəyin. Amma deməyin ki, Pərvərdigara, mənə mal-pul ver ki, Məkkəyə gedim. Allah ağlımıza gəlməyən yollarla bizi məqsədimizə çatdıra bilər.

"Bəqərə" surəsinin 202-ci ayəsində də belə buyurulur:

أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ

"Onların öz kəsbindən (duasından, qazandıqları əməllərindən) bəhrəsi-payə vardır. Allah tezliklə haqq-hesab çəkəndir!"

Ayədə işlənən bəhrə sözü "nəsib, pay" mənasını verir. Sanki insan üçün pay ayrılmışdır. Möminlər təkcə "Rəbbəna atina" (Ey Rəbbimiz, bizə əta et!) duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb səy göstərənlərə aiddir.

Bildirişlər

1. Dünya və axirət bir-birinə zidd deyil; bir şərtlə ki, insan həsənə, yaxşılıq ardınca getsin.

2. Hər cürə rifah pislənilmir. Əksinə, gözəl həyat bəyəniləndir.

3. Cəhənnəmin xüsusi hesabı var. Allahdan axirət xeyri istənilsə də, atəşdən nicat tapmaq üçün ayrıca dua edilir. (Məsələn, "Mücir" duasında yetmiş dəfəyə yaxın deyilir: "Ey Rəbbimiz! Bizə cəhənnəm atəşindən nicat ver.")

4. İnsan qiyamətdə yalnız bəzi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədilə, xalis niyyətlə görmədiyindən qiyamətdə həmin işlərdən bəhrələnməz.

5. Səy və təlaşsız heç bir bəhrə yoxdur.

6. Dərhal verilən mükafat bir imtiyazdır. İmam Əli (ə) buyurmuşdur: "Allah bütün xalqın hesabına birdəfəyə yetişər. Necə ki, bütün xalqa birdəfəyə ruzi verir." ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 201 və 202-ci ayələrin təfsiri.)

Milli.Az