Fuad Muradov: “Builki seçkidə gənclərin aktivliyi yüksək olacaq”
9 Aprel 2010 14:26
"Seçicilərə heç bir konkert vəd verməmişdim"
- Fuad bəy, artıq deputatlıq müddətiniz bitmək üzrədir. Deputat olduğunuz bu 5 ilə yaxın zaman kəsimində millət vəkili kimi fəaliyyətinizdən nə dərəcədə razı qaldınız? 2005-ci ildə seçicilərinizə verdiyiniz sözləri yerinə yetirə bildinizmi?
- Ümumiyyətlə, Azərbaycan bu gün bütün sahələrdə islahatlar həyata keçirərək, çox böyük inkişaf əldə edib və bu inkişaf hansısa bir sahədə yox, bir çox sahələrdə özünü göstərir. Eyni zamanda, siyasi mühitin də inkişafını, formalaşmasını Azərbaycanın müstəqillik illərində mühüm hadisə hesab eləmək olar. Çünki bilirsiniz ki, Azərbaycanın 1990-cı illərin əvvələrindəki problemləri, siyasi vəziyyət, müharibə və iqtisadi durum ona gətirib çıxarmışdı ki, ölkənin gələcəklə bağlı perspektivləri bəlli deyildi. Amma 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyət qayıdandan sonra bütün istiqamətlərdə, xüsusilə də, daxili siyasətin stabil vəziyyətə salınması ölkənin önündə geniş üfüqlər açmışdı. Bütün bu proseslərdə də ölkənin gəncləri yaxından və aktiv şəkildə iştirak etmişdilər. Azərbaycan gənclərinin daxili siyasətdə və iqtisadi proseslərdə yaxından iştirakının nəticəsidir ki, bu gün ölkəmiz stabil, inkişaf etmiş və islahatçı bir ölkəyə çevrilmişdir.
2005-ci ildə mənim parlament seçkilərində iştirakımın əsas məqsədi Azərbaycan gənclərinin maraqlarının qorunması, hüquqlarının müdafiəsi, onların fikir və təkliflərinin parlamentdə səsləndirilməsini təmin etmək idi. Bildiyiniz kimi, mən 1996-cı ildən gənclər sektorunda aktiv şəkildə iştirak edirəm və 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədriyəm. Bu baxımdan, mənim deputat seçilməyim gənclər sektorundakı uzun müddətli fəaliyyətimin yekun sonluğu idi. Deputatlıq müddətimdə nə qədər uğur qazanmışam, buna artıq kənardan baxanlar qiymət verə bilərlər. Mən onu deyim ki, 2005-ci ildə seçkilər zamanı seçicilərə heç bir konkert vəd verməmişdim. Yəni, yol çəkiləcək, su çəkiləcək və s. kimi. Amma bu 5 ildə çalışmışam ki, seçicilərimin problemlərini parlament tribunasında səsləndirim, onları qəbul edərək dərdlərini dinləyim. Mən, bu müddət ərzində çalışmışam ki, bütün dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərim. Seçildiyim Səbail rayonu da Azərbaycanın digər bütün bölgələri kimi müəyyən inkişaf tempinə malikdir. Bu da Azərbaycan hökümətinin uğurlu siyasətinin göstəricisidir.
"Builki seçkidə gənclərin aktivliyi həddən artıq yüksək olacaq"
- 2005-ci il seçkilərində gənclərin seçkidə iştirakı o qədər də gözə çarpmırdı. Amma görünən odur ki, bu il iqtidarlı-müxalifətli gənc namizədlər çoxluq təşkil edəcək. Siz gənclərin bu aktivliyini nəyə bağlayırsınız?
- Bayaqki fikirlərimə qayıdıram ki, Azərbaycandakı proseslər evolyusiya şəklində, yəni mərhələ-mərhələ inkişaf edirdi. Azərbaycan gənc bir dövlətdir. Ona görə də, bəzi məsələlər zaman tələb edir. Artıq o vaxt da gəlib çatıb ki, Azərbaycan gəncliyi təkcə təşkilatlarda yox, həmçinin qanunverici orqanda təmsil olunsun. 2005-ci illə 2000-ci ili müqayisə etsək, görərik ki, 10 il öncə gənclərin siyasi aktivliyi daha az idi. Təbii ki, inkişaf məhz elə bu cür olmalı idi. Çünki Azərbaycan gəncləri daim xüsusi aktivliyi ilə göz önündə olmağı bacarıb. Həmçinin, Azərbaycan gəncliyinin arxada qalan illərə nisbətən təhsil səviyyəsinin yüksəlməsi də, bu aktivliyin əsas səbəblərindəndir. Ona görə də, bilirəm ki, gənclərimizin builki seçkilərdə aktivliyi həddən artıq yüksək olacaq. Bizim təşkilat yarandığı gündən bəri, siyasi fəaliyyətlə məşğul olmayıb. Amma gənclərin siyasi aktivliyinin artırılması, onların maarifləndirilməsi prosesində bütün seçkilərdə fəal şəkildə təbliğatlar aparmışıq.
"Qeydiyyatdan keçmiş 150, qeydiyyatı olmayan 300 gənclər təşkilatı var"
- Sədri olduğunuz Gənclər Təşkilatları Milli Şurası iqtidarlı-müxalifətli Azərbaycanın digər gənclər təşkilatlarıyla hər hansı bir əməkdaşılıq edirmi?
- Biz Azərbaycanda olan bütün gənclər təşkilatları ilə ölkəmizi maraqlandıran və bilavasitə gənclərlə bağlı olan məsələləri hər zaman müzakirə etməyə hazırıq. Bizim təşkliatın özəlliyi və ya fərqi də ondan ibarətdir ki, biz heç bir siyasi partiyanı, siyasi düşərgəni təmsil etmirik. Bizdə 60 gənclər təşkilatı birləşib. Təbii ki, onların arasında hər hansı bir siyasi düşərgəyə simpatiyası olanlar var. Bu da normal bir prosesdir. Amma hansısa bir siyasi partiyanın qolu bizim təşkilatın üzvü ola bilməz. Bu, Gənclər Təşkilatları Milli Şurasının Nizamnaməsində öz əksini tapmış bir maddədir. Ola bilər ki, mənim də hanısısa bir cəbhəyə xüsusi simpatiyam var. Amma biz təşkilat olaraq, tam müstəqil fəaliyyət göstəririk. Sevindirici haldır ki, bu gün ölkəmizdə 150 qeydiyyatdan keçmiş gənclər təşkilatı var. Qeydiyyatdan keçməyənlərin sayı isə 300-ə yaxındır. Bizim təşkilatımızın yaranmasında əsas məqsəd də məhz bu idi ki, Azərbaycan gəncliyi təşkilatlanma işində uğur qazansın, öz fikirlərini rahatlıqla ifadə etsin. Bütün bunlar da Azərbaycanda gedən demokratik proseslərin nümunəsidir.
- "İrəli" Hərəkatı və onun sədri Ceyhun Osmanlı ilə münasibətlərinin necədir?
- Mən bir millət vəkili, uzun müddət gənclər təşkilatlarında çalışan biri kimi onu deyim ki, hər bir istedadlı Azərbayan gəncinə mənim normal münasibətim var. Və hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün gənclər təşkilatlarının rəhbərləri də mənə qarşı eyni münasibətdədir. Buna görə də, konkret bu mövzuya xüsusi yer ayırmaq istəmirəm. Ceyhun Osmanlı Gənclər Təşkilatları Milli Şurasında aktiv şəkildə fəaliyyət göstərir. Hesab edirəm ki, bizim heç bir problemimiz yoxdur və ola da bilməz.
- Fuad bəy, gənclərin ümumi həyat səviyyəsi sizi qane edirmi? Gənclərimizin bir qisminin işsizlik problemi var...
- Ümumiyyətlə, dünyada elə bir ölkə yoxdur ki, orada işsizlik problemi tam mənada həll edilsin. Söhbət nisbi faizlərdən gedir və mən onu deyə bilərəm ki, bu gün ölkəmizdə gənclər arasında işsizlik faizi çox cüzi səviyyədədir. Bu yaxınlarda bir hesabat var idi ki, Azərbaycanda gənclərin yüksək faizi işsizdir. Amma biz o hesabatı incələdik və gördük ki, hesabata tələbələr də daxil edilib. Halbuki, tələbə gənclərin işsiz kimi sayılması düzgün yanaşma deyil. Bu gün ölkədəki işsizləri təmin edə biləcək qədər iş yeri var. Sadəcə, mövcud iş yerlərini doldurmağa peşəkar kadrlar yoxdur. Bu cür problemlər də yenidən formalaşdırılan peşə məktəblərinin fəaliyyəti nəticəsində öz həllini tapacaq.
"Narkomafiya Azərbaycandan tranzit bölgə kimi istifadə etmək istəyir"
- Müsahibələrinizdən birində Azərbaycan ali məktəblərində gənclərin narkotikdən istifadə hallarının mövcud olduğunu demişdiniz. Ötənlərdə də, ABŞ Dövlət Departamentinin narkotiklərlə bağlı hesabatında Azərbaycanda narkotik istifadəçilərinin 70 faizinin gənclərdən ibarət olduğu qeyd edilmişdi. Amma bu rəqəm ölkəmizdə birmənalı qarşılanmadı və ajiotaj yaratdı. Sizcə, gənclərimizi narkotikə cəlb edən nədir?
- Məsələni belə qoymaq lazımdır. Çox təəssüf ki, gənclər narkotiklərdən istifadə edir. Bu, bütün dünyada da belədir. Yəni, dünyada narkotrafiklə məşğul olan qrupların əsas hədəfi gənclərdir. Mən o zaman da təklif etmişdim, indi də o fikrimdə qalıram ki, Azərbaycanda təhsil ocaqlarında bu tip halları aradan qaldırmaq üçün biz nəzarəti gücləndirməliyik. Hesabatla bağlı isə bizim mövqeyimiz bəlli idi. Çox sevindirici haldır ki, sonradan hesabata düzəliş edildi. Bizdə rəsmən 24 min narkotik istifadəçisi var. Amma bu, rəsmi statistikadır. Təbii ki, real rəqəm bundan fərqli ola bilər. Deyim ki, son zamanlar Azərbaycan hüquq-mühafizə orqanları bu yöndə ciddi işlər görür. Son bir-iki aya baxsaq, görərik ki, hüquq-mühafizə orqanlarımız nə qədər narkotik malları müsadirə edib. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan elə bir strateji bölgədə yerləşir ki, bütün böyük narkotik mafiozlar bu bölgədən tranzit kimi istifadə etmək istəyir. Buna qarşı da Azərbaycan dövləti müqavimət göstərir və narkotik ticarətin qarşısını almağa çalışır. Nəzərə alsaq ki, dünyada narkotikdən istifadənin yaşı gəncləşir, biz təhsil ocaqlarında nəzarəti gücləndirməliyik. Narkotik maddələrdən təkcə təhsil müəsissələrində deyil, həmçinin gecə barlarında və s. əyləncə məkanlarında da istifadə edilir. Bizim də Milli Şura olaraq vəzifələrimizdən biri də gənclərimizi maarifləndirmək və narkotikdən istifadənin zərərlərini onlara izah etməkdir.
"Bütün dinlərlə bağlı missioner təşkilatlar var"
- Bu gün ölkəmizdə fəaliyyət göstərən dini sektaların gənclərə yönəldiyini demişdiniz. Niyə hədəfdə məhz gənclərdir?
- Həqiqətən də, bu gün Azərbaycanda fəaliyyət göstərən dini sektalar öz fəaliyyətlərini gənclər üzərində quramağa çalışır. Amma Azərbaycanda bu tip hallarla bağlı çox böyük işlər görülür. Burada söbhət, konkret bir dindən getmir. Ümumiyyətlə, bütün dinlərlə bağlı missioner təşkilatlar var. 1998-ci ildə Milli Şuranın ilk layihəsi də missionerlərə qarşı kampaniya olmuşdu. Bu gün gənclərin bu tip qurumlara meyllənmələrinin əsas səbəbi onların savad səviyyəsinin aşağı olmasıdır. O qüvvələr də, bu amili nəzərə alaraq, məhz savadsız təbəqəni təsirləri altına almağa çalışırlar. Ona görə də, bu gün ölkəmizdə prioritet məsələ olaraq təhsil qoyulub. Təhsilimizin səviyyəsi daha da artdıqca, bu məsələlər də öz həllini tapacaq.
- Siz həm də "İctimai Televiziya"nın Yayım Şurasının üzvüsünüz. Sizcə, "İctimai" kanal Azərbaycanda format olaraq öz profilinə uyğunluğunu nə qədər qoruyub saxlayır?
- "İctimai Televiziya"nın yaranması Azərbaycanda davam edən demokratik inkişafın əsas addımlarından biri idi. Bu gün bu televiziyanın Yayım Şurasında müxtəlif təbəqələrin nümayəndələri var. Mən də kanalda gəncləri təmsil etmək üçün fəaliyyət göstərirəm. Öz adımdan onu deyə bilərəm ki, "İctimai" kanaldakı verilişlər, gənclərlə bağlı layihələr bu gün bizləri qane edir və mən çox şadam ki, gəncləri narahat edən bir çox məsələlər İctimai Televiziyada işıqlandırılır. Düşünürəm ki, bu kanal öz Nizamnaməsinə uyğun olaraq, bütün düşərgələrə, fərqli fikirlərə lazım olan qədər yer ayırır. Təbii ki, bu o demək deyil ki, yoldan keçən hər adam bu kanalda öz fikirlərini deməlidir. Bilirsiniz ki, bizim seçki qanunvericiliyimizdə "İctimai Televiziya" haqqında qanun var və bu kanal heç bir qanunu pozmadan öz fəaliyyətini davam etdirir.
"Türkiyə-Ermənistan sərhəd açılımı imitasiya məqsədi daşıyır"
- Fuad bəy, 24 aprel qondarma "erməni soyqırımı" gününün yaxınlaşdığını və bu yaxınlarda da Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyanın Vaşinqtonda görüşəcəyini nəzərə alsaq, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün başladılan prosesin perspektivini necə görürsünüz?
- Son illərdə Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir və bu proses göz qabağındadır. Ümumiyyətlə isə bu gün Türkiyə və Azərbaycanın sərhəd açılımı məsələsində mövqeyi demək olar ki, ortaq məxrəc halındadır. Qondarma "soyrıqım" məsələsi ermənilərin bir nömrəli məsələsidir və onlar üçün bunsuz Azərbaycan və Türkiyəyə qarşı təzyiq mümkün deyil. Ermənilər illərdir ki, bu qondarma iddiadan təzyiq kimi istifadə edirlər. Mənə elə gəlir ki, bu gün Türkiyə siyasətçiləri artıq real vəziyyəti tam dərk edirlər. Türkiyə baş naziri və prezidentinin də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyini dəstəklədiklərini, Ermənistana bu mövzuda sərhəd məsələsi ilə təzyiq göstərmək istədiklərini müşahidə edirik. Protokollar məsələsində artıq Ermənistanın Konstitusiya düzəlişi adı altında geri addım atdığını gördük. Bütün bu proseslər də ABŞ-ı narahat edən məsələlərdir. Lakin bu proses hələ ki, imitasiya məqsədi daşıyır. Düşünürəm ki, Türkiyə öz əvvəlki mövqeyində qalacaq və Dağlıq Qarabağ münaqişəsində bir irəliləyiş olmadan sərhəd məsələsində ciddi bir addım atılmayacaq.
- İki gün əvvəl Qırğızıstanda məlum hadisələr baş verdi və 5 il əvvəl inqilabla hakimiyyət gəlmiş Kurmanbek Bakiyevə qarşı qiyam ildu. Sizcə, Orta Asiyada bu kimi inqilabların tez-tez baş verməsi nə ilə bağlıdır?
- Qırğızıstanda hakimiyyətə müxalif olan cəbhənin başında elə 2005-ci il inqilabıyla prezident Kurmanbek Bakiyevlə birlikdə hakimiyyətə gələn Roza Otunbayeva dayanırdı. Hansı ki, bu xanım hazırda müvəqqəti hökümətə rəhbərlik edir. Yəni, bunlar bir komandanı təmsil edən adamlar olub. Həmçinin, bildiyiniz kimi, Orta Asiyada qütbləşmə var və bu qütbləşmə orada ciddi rol oynayır. Misal üçün, hakimiyyətdən gedən adam cənubdandır, gələn adam şimaldandır. Yəni bu məsələlər də var. Amma əsas məsələ odur ki, istənilən hakimiyyət insanların iradəsi əsasında qurulmalı, xalqın dəstəyinə söykənməlidir. Hər hansı bir zorakılıqla hakimiyyətə gəldikdə, o hakimiyyət istər-istəməz müəyyən kütlə tərəfindən qəbul edilməyəcək. Ona görə, biz də Azərbaycanda demokratik prinsiplərə çox həssas və qayğıyla yanaşırıq, demokratik təşkilatlarla çoxşaxəli əməkdaşlıq həyata keçiririk ki, bax bu cür situasiyalarla qarşılaşmaq ehtimalını sıfıra endirək. Yenə deyirəm, zorakı yolla hakimiyyətə gəlməyin sonu bu cür qanlı olaylarla sonuclanır. Hələ heç bilinmir nə qədər insan tələfatı olub, hadisənin fəsadlarını qırğızlar nə qədər müddətə aradan qaldıracaqlar. Ukraynada da son nəticələr onu göstərdi ki, hakimiyyəti seçki yolu ilə dəyişməkdən başqa normal alternativ yoxdur. Bu baxımdan da Azərbaycan hakimiyyəti demokratik seçkilərə əsaslanaraq, gördüyü işlərlə xalqın inamını doğruldur və xalq tərəfindən dəstəklənir.
- Dünya mətbuatın şərhlərindən belə aydın olur ki, Qırğısıztandakı inqilabın baş vermə səbəbi bölgədə iki böyük gücün - ABŞ-la Rusiyanın maraqlarının toqquşmasıdır. Qırğızıstanda mövcud olan ABŞ təsirinin Rusiyanı çoxdan bəri ciddi narahat etdiyini, bunun ardıncaysa, ötən aylarda Qırğızıstan prezidentinin Rusiyaya nota verdiyini xatırlasaq, Orta Asiyadakı bu kimi dövlət çevrilişlərinin pərdə arxasında Rusiyanın izi axtarmaq olarmı?
- Çox şey axtarmaq olar. Hər kəsin ağlına müxtəlif fikir gələ bilər. Bir şeyi deyim ki, dünyada "supergüc"lər mövcuddur. Ola bilər ki, biz bunu qəbul edək və ya əksinə. Bu "supergüc"lərin də hansısa bir dövlətdə müəyyən maraqları ola bilər. Ancaq əsas prinsip insanların iradəsi olmalıdır. İndi mən necə deyə bilərəm ki, insanlar hansısa bir "supergüc"ə görə bir-birinin qanını töküb?! Amma bu dəyişməz faktdır ki, "supergüc"lərin maraqları daima mövcud olub və bu gün də mövcuddur.
"Qırğızıstan inqilabı epizodik hadisədir"
- Fuad bəy, bundan öncə MDB məkanında baş verən inqilablarda qonşu ölkələrə sıçramalar oldu. Qırğızıstandakı son inqilabın ona qonşu dövlətlərə və ya ümumilikdə MDB məkanına sıçrama ehtimalı yoxdur ki?
- Bu dəfəki çevrilişin fərqi ondan ibarətdir ki, bu inqilab seçki prosesləri zamanı baş verməyib, mahiyyətinə görə yox, başvermə anına görə, tamamilə epizodikdir. Bu da onu göstərir ki, əgər xalqın nəyəsə etirazı varsa, o hansısa bir xüsusi günü gözləmir, istənilən anda öz etirazını biruzə verir və bəzən də bu cür hakimiyyət dəyişikliyi etməyə müvəffəq olur. Təbii ki, burada zəif idarəçilik məsələsi də var. Yəqin ki, Qırğızıstan hakimiyyəti tərəfindən idarəçilikdə qüsurlara yol verilib və nəticədə bu inqilabın baş verməsi üçün zəmin yaranıb. O baxımdan düşünmürəm ki, bu dəfəki inqilab hansısa bir zəncirvari şəkil alsın. Böyük ehtimalla, elə Qırğızıstanla da yekunlaşacaq.
Anar Gəraylı
Milli.Az