"İllərlə qazandığın ad-sanı bir saniyədə itirə bilərsən" - FOTO

10 Aprel 2019 19:50

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə, prodüser Zəhra Bədəlbəylinin oxu.az-a müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Zəhra Bədəlbəyli istedadlı pianoçu, bir çox tanınmış mahnıların sözlərinin müəllifi, bir neçə şeir kitabının yaradıcısı kimi tanınır. Amma son dövrlərdə özünüzü daha bir sahədə sınaqdan keçirirsiniz. Niyə aktrisa olmaq qərarına gəldiniz?

- Əslində, uşaqlıqdan səhnədəyəm. Aktrisa olmaq arzusu o zamandan içimdə olub. Ölkəmizdə isə həmin dövrdə kino, demək olar, çəkilmirdi.

Son illərdə həm dövlətin dəstəyi ilə, həm fərdi şəkildə çəkilən filmlər kinematoqrafiyanın inkişafından xəbər verir. Ssenarist və rejissorların inamı məni çox həvəsləndirdi.

Onlar məni filmlərə dəvət etməyə başlayanda isə özümdə aktyorluq bacarığını daha çox aşkarladım. Amma aktrisa olduğumu hələ təsdiqləməli olacağam. Çox işləməliyəm, öyrənməliyəm.

- Hansı filmlərə çəkilmisiniz? İşləriniz uğurlu alınır, yoxsa hansısa çətinliklə qarşılaşırsınız?

- Birinci qısametrajlı filmə 15 il əvvəl çəkilmişəm. Sonra isə tammetrajlı filmlərdə epizodik rollara dəvət aldım. Onların sırasında "Şər qarışanda", "Ağ tük" filmləri yer alıb. Maraqlı rol "Siçan və Pişik" filmində olub, amma o, hələ Bakıda göstərilməyib. Nümayiş olunmasını çox istərdim, çünki kinomuzda yeni bir üslubdur. 

Çətinliklə qarşılaşmıram. Ümumiyyətlə, bu sözü xoşlamıram. Sadəcə, həyatda bir mərhələdən o biri mərhələyə keçəndə öz üzərində çox işləmək, yeni informasiyaya açıq olmaq, təcrübəli peşəkarların sözünə qulaq asmaq lazımdır. Onda bütün çətinlikləri qısa zamanda aradan götürmək olur.

- Daha çox kinoda çəkilmək üçün dəvət alırsınız. Teatr səhnəsində çıxış etmək barədə düşünürsünüzmü? Deyirlər, teatr aktyoru olmaq xeyli çətindir.

- Bəli, mən də belə hesab edirəm. Bu formata uyğunlaşmaq çətindir. Aktyor və yaxud pianoçu illərlə topladığı ad-sanı bir saniyədə itirə bilər. Məsələn, səyahətlə bağlı problemlərə, həyəcana, zalın pis reaksiyasına görə və sair.

Bir də var zamansız incəsənət, onu biz hazırlayıb sonra tamaşaçıya təqdim edə bilirik. Bura kino, rəsm kimi janrlar aiddir, yəni sənətkar bir növ özünü sığortalaya bilir.

Ona görə də teatr kinodan çox fərqlidir. Amma mən bu sınağa özümü hazırlayıram. Artıq baş rol aldığım bir tamaşanın üzərində bir aydan artıq iş gedir. Çox maraqlıdır, tam yeni bir formatdır. Teatr tamaşasından əlavə bu bir yeni platforma olacaq və ümidvaram, bu platforma bizim teatrın inkişafına yardım edəcək.

- Bir müsahibənizdə Azərbaycan aktrisaları üçün münasib rolların olmadığını demisiniz. Yəni qadını müsbət baş qəhrəman edəcək ssenarilər yoxdur mənasında. Özünüz layiqli ssenari yaratmaq və baş rolda çəkilmək barədə düşünmüsünüzmü? Kinoda kimi canlandırmaq istərdiniz?

- Bəli, demişəm. Maraqlı ancaq müsbət demək deyil. Çox istərdim ki, dərin, mənalı obrazlar olsun. Ssenari yazmaq üçün də çox bilik əldə etməliyəm. Bu barədə düşünürəm. Ümumiyyətlə, aktyorluqdan başqa həm prodüser, həm də ssenari müəllifi kimi özümü sınamağa başlamışam.

Bu yaxınlarda "Sənin əllərində" adlı kitabımın qısametrajlı filmini dostlarımla çəkmişik. Onun ssenarisi mən və Mik Bluma, rejissor işi isə Orxan Fuladiyə aiddir. Prodüser işini də filmdə üzərimə götürmüşəm. Filmin festivallarda iştirakı nəzərdə tutulub.

Milli.Az