Bakıda kriminal avtoritet saxlanıldı

10 Aprel 2019 15:52

Bakının Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ağır cinayətlər üzrə əvvəllər məhkum olunan yerli sakinlərdən iri partiyada narkotik vasitə və odlu silah müsadirə edib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a rayon polis idarəsindən məlumat verilib.

Aprelin 8-də "Maştağa" qəsəbəsində əməliyyatçılar əvvəllər qətlə görə məhkumluğu olan 1975-ci il təvəllüdlü Babayev Mütəllim Əmirəli oğlunu saxlayıb. Saxlanılan zaman onun üzərində 5,697 qram heroin olub.

M.Babayevin evində aparılan axtarış zamanı əməliyyatçılar daha 104 qram marixuana, 3  kiloqram 200 qram heroin və "Vinçester" tipli tüfəng aşkarlayaraq müsadirə edib.

Kəndin daha bir sakini - qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkmiş kriminal avtoritet - 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu saxlanılıb. Polis əməkdaşları onun evində 5 kiloqramdan çox marixuana aşkarlayıb.

Keçmiş məhbusların hər ikisinin narkotik vasitə alveri ilə məşğul olduğu müəyyənləşib. Hazırda fakt üzrə araşdırma aparılır. Cinayət işi açılıb.

Milli.Az