Formula 1 ilə əlaqədar bəzi yerlərə keçid üçün xüsusi sənəd tələb olunacaq - KART və ərazi üzrə vaxtlar

8 Aprel 2019 16:38

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Milli.Az-a verilən məlumata görə, şəhər sakinləri 2019 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Nəqliyyat hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız 2019 Formula 1 Azərbaycan Qran Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət (22-30 Aprel) üçün etibarlıdır. İcazə sənədini aprelin 11-dən 28-dək aşağıda hər bir zonaya uyğun olaraq göstərilən nöqtələrdən əldə etmək mümkündür:


İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala düşmüş sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinə sahib nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.

Məlumat üçün bildirək ki, 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.  3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Neftçilər prospekti ilə Asəf Zeynallı küçəsinin kəsişməsi, 2-ci zonaya giriş Rəşid Behbudov və Xəqani küçələrinin kəsişməsi, 3-cü zonaya giriş isə Lermontov küçəsi (Şəlalə parkı, Nazirlər Kabinetinin yaxınlığı) tərəfdən olacaq.

Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış olmaq mümkündür. Bu xəritədə həmin yollar mavi rənglə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq. Qırmızı rənglə göstərilən küçələrdə isə aprelin 22-si gecə saat 01:00-dan etibarən aprelin 30-u saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Həmçinin bu il konsert və əyləncə proqramlarının "Kristal Zal"da keçirilməsi ilə əlaqədar olaraq, 27 və 28 aprel tarixlərində Azneft dairəsindən Dölət Bayraq Meydanına qədər olan yolda 17:00-04:00 saatları arasında nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Qeyd edək ki, aprelin 24-dən saat 08:00-dan aprelin 29-a qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4-günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel, saat 10:00-dan etibarən açıq olacaq.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar alışveriş mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Sürət Qalibov
Milli.Az