Maskalı şəxslər ev sahiblərinin əl-ayağını bağlayıb pullarını apardılar - Quldurlar bəllidir

8 Aprel 2019 12:18

Aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb, oradan 13600 manat pul və mobil telefon aparması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, dərhal Quba RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. 

Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Pünhan Mirzə
Milli.Az