Ey Adəm oğlu!

14 Aprel 2019 21:50

Şureyh demişdir: "Mən bir səhabənin Peyğəmbərdən salləllahu aleyhi və səlləm belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur:
"Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim".

Allah Elçisi salləllahu aleyhi və səlləm Allahın: "Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istə­yənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz" (əş-Şura, 20) - ayəsini oxuduqdan sonra dedi: "Uca Allah buyurur:
"Ey Adəm oğlu! Mənə ibadət etmək üçün vaxt ayır, Mən də sənin qəlbini zəngin edim, səni kasıbçılıqdan qurtarım. Yox, əgər belə etməsən, onda Mən sənin ürəyini dərd-sərlə doldu­rar, sənə üz vermiş kasıbçılığı aradan qaldırma­ram".
 
Milli.Az zikr.az-a istinadən bildirir ki, Ənəs ibn Məlik demişdir: "Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə dediyini eşitmişəm: "Allah buyurur:
"Ey Adəm oğlu! Nə qədər ki, sən Məndən bağışlanma diləyirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağış­layaram.
Ey Adəm oğlu! Əgər sənin günahların göyün bu­lud­larına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram.
Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşıla­yaram".
 
Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah Qiyamət günü buyuracaq:
"Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni qadınlarla evləndirdim, səni qənimətlər­dən pay alan və itaət olunan başçı təyin etdim, bəs bunların şükrü hanı?"

Milli.Az