Hamiləlikdə idman: Bu hərəkətlər ... – Ginekoloq MƏSLƏHƏT

13 Aprel 2019 22:40

Hamiləlik dövründə idman etmək olarmı?

Milli.Az e-tibb.az-a istinadən qadınların çoxunu düşündürən bu mövzu ilə bağlı cərrah-ginekoloq, uzman həkim Rəxşəndə Aslanovanın məqaləsini təqdim edir:

Bəzən xanımlar hamiləlikdə idman hərəkətləri etməkdən çəkinirlər. Belə ki, bununla dölə zərər verə biləcəklərini düşünürlər. Amma doğru idman hərəkətləri nəinki hamiləliyə zərər verməz, əksinə, hamiləliklə bağlı yaranan şişkinlikləri aradan qaldırmağa, daha yaxşı yuxuya getməyə, doğuşun daha rahat keçməsinə və doğuş sonrası daha asan arıqlamağa da kömək edər.

ABŞ Mama ginekoloqlar Kollecinin standartlarına görə, hamiləlik boyunca hər gün 30 dəqiqə idman etmək faydalıdır. Bu zaman nəbzinizi və bədən temperaturunuzu həddən artıq yüksəldən hərəkətlərdən uzaq durmaq, idmandan sonra bol su içmək tövsiyə olunur.

Bəs hamiləlikdə hansı idman hərəkətləri etmək, hansı idman növləri ilə məşğul olmaq olar?

Hamiləliyin ilk trimestrində idman hərəkətlərinə açıq havada sürətli yürüşlər, yaxud yoqa və ya pilates şəklində başlamaq olar. Bunu ilk trimestrdə deyil, bütün hamiləlik boyu etsəniz, hamiləliyinizə müsbət anlamda təsir edər.

Hamiləlik pilatesi

Son dövrlərdə daha da populyarlaşan hamiləlik pilatesi xüsusilə bel və kürək ağrılarını aradan qaldırmağa kömək edən, bədəni və ruhu dincəldən bir idman növüdür. Lakin hamiləliyə uyğun pilates hərəkətlərinin edildiyinə diqqət yetirin.

Hamiləlikdə üzgüçülük

Yürüşlə paralel ən çox tövsiyə etdiyimiz idman növüdür. Suda edilən idman hərəkətləri bədənimizi daha çox sıxlaşdırır. Həmçinin digər idman növləriylə müqayisədə zədə almaq ehtimalı daha aşağıdır. Üzgüçülük hamiləliklə bağlı yaranan ağrıların qarşısını almağa da kömək edir.

Hamiləlik yoqası

Yoqa bədəni və nəfəsi daha yaxşı tanımaq və idarə etməyə yardımçı olur. Bu da həm hamiləlik, həm də doğuş zamanı xanımlara çox kömək ola bilər. Lakin bəzi yoqa hərəkətləri vardır ki, onları hamiləlik zamanı etmək olmaz. Ona görə yoqaya başlamazdan əvvəl mütləq araşdırma edin, doğru ünvanları seçin.

Squat hərəkətləri

Squat təkcə hamilələr arasında deyil, bütün xanımlar arasında ən populyar idman hərəkətlərindən biridir. Düzgün edilən squat ayaq əzələlərini gücləndirir, hamilənin qarnını daha rahat daşımasına kömək olur.

Hamiləliyin son trimestrində ağırlıq hiss edən xanımlara oturaq vəziyyətdə yüngül idman hərəkətləri etmək tövsiyə olunur.

Milli.Az