Bu xəstəliyə ən çox 50 yaşdan sonra kişilərdə rast gəlinir

13 Aprel 2019 21:40

Bəzi dərmanlar, o cümlədən vərəm əleyhinə olan dərmanlar oynaqlarda dəyişikliyə gətirib çıxarır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının dosenti Adil Nuriyev deyib.

Oynaqlarda daha çox rast gəlinən revmatoid artrid, deformasiyaedici osteoartroz, reyter sindromu, ostroxondroz, podaqra kimi xəstəliklərə çox rast gəlindiyini deyən mütəxəssis birləşdirici toxumanın xronik autoimmun sistem iltihabi xəstəliyi olan revmatoid artritin tipik halında oynağın ikitərəfli zədələnməsinin müşahidə olunduğunu bildirib: "İlk növbədə əl və ayaq darağı oynaqları, bilək, diz, dirsək oynaqları zədələnir. Artralgiya, şişginlik, hərəkətin səhər buxovlanması əlamətləri nəzərə çarpır. Sinovial qişanın hipertrofiyası və eksudatın toplanması sayəsində oynaqlar şişir və iyəbənzər forma alır. Palpasiya zamanı oynaqların xəmir konsistensiyalı, ağrılı olması, lokal temperaturun yüksəlməsi aşkarlanır. Revmatoid artritin tez-tez rast gəlinən ağır forması koksartozdur, bu, adətən oynağın funksiyasının pozulmasına və əlilliyə gətirib çıxarır".

Əhali arasında çox rast gəlinən oynaq problemlərindən biri - podaqra xəstəliyi barədə danışan həkim onun digər oynaq xəstəlikləri ilə oxşar və fərqli cəhətlərinin olduğunu deyib. Onun sözlərinə görə, podaqra purin mübadiləsinin pozulması və orqanizmdə sidik turşusunun toplanması ilə müşayiət olunan metabolik xəstəlikdir. Ən çox 50 yaşdan yuxarı kişilərdə rast gəlinir. Anamnezində bir dəfədən artıq kəskin artrit epizodu qeyd olunmalıdır. Əsasən monoartritin inkişaf etməsi və ayaqda birinci daraq-falanqa oynağının zədələnməsi, zədələnmiş oynaq üzərində dərinin hiperemiyası və assimmetrik şişkinliyin yaranması, kəskin artrit epizodu, gecə oynaq ağrısının başlaması, bir neçə gün davam etməsi, yerli hərarətin, qanda leykositozun və EÇS-in qalxması ilə xarakterizə olunur.

Milli.Az