İranda 400 min insanın həyatı təhlükədədir - FOTO

7 Aprel 2019 14:10

İran boyunca 3 həftəyə yaxındır ki, davam edən leysan yağışlar ardınca əmələ gələn daşqınlar 70-dən artıq insanın ölümünə bais olub. 

Milli.Az BBC-yə istinadən xəbər verir ki, dünən, aprelin 6-da hakimiyyət cənubdakı Xuzistan bölgəsində daha 6 yaşayış məntəqəsinin təxliyəsinə dair qərar qəbul edib.

Bölgə çaylarındakı bəzi bəndlər təzyiqə tab gətirməyə bilər və belə halda tələfatın artması real təhlükədir - rəsmilər xəbərdarlıq edir.

Daşqınlar 10 minlərlə insanın məskunlaşdığı bölgələrə təsir göstərib. Minlərlə yol, körpü və ev məhv olub. Təbii fəlakət 31 bölgədən 24-ünü əhatə edir.

Ən çox tələfat cənubdakı Fars, Xuzistan, qərbdəki Luristan və şimalda yerləşən Gülüstan bölgələrində qeydə alınıb.

Xuzistan vilayətinin qubernatoru Qolamrza Şariati dövlət televiziyasına bildirib ki, xilasedici komandalar sakinləri yaxınlıqdakı sığınacaqlara aparır. Bu sığınacaqlar arasında üç ordu barakı var.

Şariati deyib ki, baraj və su anbarlarından buraxılan fövqəladə sualar da daşan suyun həcmini artırıb, lakin bu cür tədbirlər barajların daşmalarının qarşısını almaq üçün mühümdür, çünki çay suyunun səviyyəsi artmağa davam edir.

"Amerikanın səsi"nin məlumatına görə, gənc kişilərdən orada qalıb yardım əməliyyatlarına kömək etmələri istənilib.

Daxili işlər naziri Əbdülrza Rəhmani Fazlı dövlət televiziyasına bildirib ki, vilayətətin 5 milyonluq əhalisindən təxminən 400 mini risk altındadır.

On bir şəhər və onlarla kənd evakuasiya edilib. Vilayətin paytaxtı, 1.7 milyon sakini olan Əhvəz daxil olmaqla böyük şəhərlərdə evakuasiyaya dair göstəriş verilməyib.

İranın neft hasilatının təxminən 80 faizinin asılı olduğu vilayətdəki neft təsislərinə heç bir ziyan dəyməyib.

İlkin dəyərləndirmələrə görə, kənd təsərrüfatına dəyən ziyanın miqyası 47 trilyon riala çatır ($350 mln), İRNA agentliyi Kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Məhəmməd Musaviyə istinadən yaydığı xəbərdə bildirir. Hökumət itkilərin qarşılanacağını vəd edir.

Təxliyə işlərinə hərbçilər cəlb olunub.

Televiziya daşqın bölgələrində ərzaq, su, yorğan və çadırlara ehtiyac olduğunu bildirir.

Milli.Az