ABŞ və Türkiyə bir-birini seçim qarşısında qoydu

4 Aprel 2019 17:09

ABŞ vitse-prezidenti Mayk Pens bir daha Türkiyəni Rusiyanın "S-400" "Triumf" zenit-raket komplekslərini almaqdan daşınmağa çağırıb.

"Donald Tramp açıq-aydın bildirib ki, bizim NATO üzrə müttəfiqlərimizin qarşı tərəfdən silah almasına biganə qalmayacaq", - deyə Pens "Twitter" səhifəsində yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pens Ankaranın iki yoldan birini seçməli olduğunu söyləyib:

"Ya tarixin ən uğurlu hərbi alyansında vacib tərəfdaş qalmağı, ya da belə düşüncəsiz qərar qəbul etməklə bu tərəfdaşlığı risk altına almaq istədiyini özü üçün müəyyənləşdirməlidir".

Ankara da öz növbəsində Vaşinqtonu seçim qarşısında qoyub. Pensin yazdıqlarını şərh edən Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ-ı müttəfiq olan Türkiyə, yoxsa Türkiyədə qadağan edilmiş PKK terrorçu qruplaşması ilə əlaqəli kürd özünümüdafiə qüvvələri ilə əməkdaşlıq edəcəyini qətiləşdirməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə rəhbərliyi ordunun "S-400" ZRK ilə təchiz olunması planından vaz keçməyəcəyini və ilk partiyanın bu il ölkəyə gətiriləcəyini bəyan edib.

Milli.Az