Ağılsız kuklam mənim....

2 Aprel 2019 11:46

- Nədi ə?! Qoçuxanadı bura?! Qoçusan sən, ə?! Otur yerinə, ə! Sənsə sus ə, gədə!

- Gədə sənsən, sənin nəslindi!

- Kəs səsini, ə!

- Ə, səni indi vurub yerə uzadacam, biqeyrət! Buraxın məni, ə! Buraxın, o biqeyrəti sərəcəm yerə!

- Uzatmayanın var-yoxuna lənət! Gəl görüm, ə!

- Buraxın məni, ə! Səni indi var-yoxsuz qoyum, sən də bax, it oğlu it!

Aldanmaq, heç olmasa bir dəfə təxminlərimdə yanılmaq istəyirdim. Azərbaycandakı mövcud müxalifətin potensialı, imkanları, perspektivləri ilə bağlı durumun kədərli olduğunu dəfələrlə yazmışam. Onu da demişəm ki, müxalifətdəki "siyasi ölü"lər, naftalin qoxulu şüarlarına bürünüb var olduqlarını göstərməyə çalışan və ömürləri hakimiyyəti tənqid etməklə keçən qocalar siyasi ağıldan nəsiblərini almayınca, heç nə dəyişən deyil.

Çürük şüarlarla, puç ideyalarla ömürlərini çürüdənlər özlərinə qıymasalar da, onlara yazığım gəlirdi.

AXCP, Müsavat və "Milli Şura" adlı kölgələr teatrının oyunçuları, bu siyasi dərnəklərin liderləri hələ də dərk etmək istəmirlər ki, çağdaş zamanın çağırışları onların şüurlarının qapılarını gün keçdikcə daha möhkəm döyəcləsə də, reaksiya tam tərsdi.

Düşünürdüm ki, "Azərbaycan Xalq Hərəkatı" adlı marazm adlı, əcaib məramlı, məqsədinin konkret nədən ibarət olduğunu bu qurumu "yaradanlar"ın özlərinin də anladıb anlada bilmədikləri qurum bir qədər fərqli ola bilərdi.

Ümidlər çox mənasız təsir bağışlasa da, belə idi.

AXH isə "Milli Şura"nın rəhbərliyinin bütün naqisliklərini, AXCP lideri Əli Kərimlinin şüarfüruşluğunu, Cəmil Həsənlinin siyasi kəmsavadlığını, Müsavat başqanı Arif Hacılının populizmini süngər çəki canına çəkdi, oradakı müxalifət akınları və ahılları sanki radioaktiv parçalanma ilə bölünməyə məruz qalaraq daha da aqressivləşdilər, lümpenləşdilər, primitivləşdilər.

Və sonuc aprelin 1-də nümayiş olundu.

Dünən, zarafat və gülüş günündə Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub.

İclasdan daha çox mərəkəyə bənzəyən bu toplantının təşkilatçıları sanki tamaşaçıları özlərinə güldürməyi məqsəd sanmışdılar.

Toplantı xeyli gərgin atmosferdə keçib. İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə keçirilib, bir zamanlar Azadlıq meydanında "Oturmayan ermənidir!" şüarı ilə hülqum oynatmış "mətin fəhlə", sonra isə müşavirin müşaviri kimi "azman vəzifə" ilə iqtidarda təmsil olunan, lap sonda o ironik vəzifədən də qovulan N.Pənahlı AXH-dən kənarlaşdırılıb.

Sinirlənən İ.Həmidovun səbr kasası daşıb və o, dübarə Tural Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib.

Yəni yaşının ahıl dönəminə rəğmən, siyasətdən və siyasətçilikdən çox uzaq qalan, amma özünü hələ də siyasətçi hesab edən sabiq general İsgəndər Həmidli "gənc və təcrübəsiz" Tural Abbaslınını AXH samanının altından öz suyunu yeritməkdə suçlayıb.

Təbii ki, T.Abbaslı bu ittihamları qəbul etməyib, narazılıq edib və təklifin əleyhinə çıxaraq bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi keçməyib və AXH-nin dönəm sədri idarə heyəti üzvü kimi qalıb.

Bundan sonra hər iki siyasətçi arasında qarışıqlı ittihamlar səslənib. T.Abbaslı sabiq naziri hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə suçlayıb. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəyaxa dava həddinə çatıblar. Hətta İsgəndər Həmidov ayağa duraraq Tural Abbaslını vurmaq da istəyib.

Üç saat uzanan iclasda gərginlik səngiməyib.

İclasın ən "maraqlı" məqamlarından biri sabiq müdafiə naziri Rəhim Qazıyevin davranışı olub. "Şuşa getsə, başıma güllə çaxmasam, namərdəm", "Tanklar buradadı, oradasa uşaqlar bir tanka görə dava edir", "Bəsdirin, ürəyim partlayacaq indi!" və sair dürlü ifadələri, habelə Müdafiə Nazirliyini Leyla Yunusun, Baba Nəzərlinin və xeyli qeyri-adekvat adamların məskəni edərək Məğlubiyyə Nazirliyinə çevirməyi bacaran bu şəxs AXH-də guya olmayan saqqalını tərpədib söz demək istəyib.

Alınmayıb.

Gah "İsgəndər bəyi 1989-cu ildən tanıyıram" deyib İ.Həmidovu sakitləşdirmək istəyib, gah Tural Abbaslını tənqid etməyə və sonra da tərifləməyə çalışıb, gah AXC-nin "İdarə Heyəti"nin "möhtəşəm iclas"ının gedişatına öz aləmində düzən verməyə çalışıb.

Cəhdlərinin hamısı uğursuzluğa düçar olanda isə qəzəbnak və pərişan olan Rəhim Qazıyev sözünü kəsən başqa bir "mətin AXH-çi" ilə davaya başlayıb.

Mübahisə, dilləşmə, sonra da söyüşmə az qala əlbəyaxa ilə başa çatacaqdı.

Özünü "Azərbaycanda yeni siyasi güc, hakimiyyəti dəyişə biləcək yeganə siyasi qüvvə" adlandıran və Londona qaçmış Qurban Məmmədovun virtual moderatorluq etməyə səy göstərdiyi AXH dünənki toplantısı ilə əslində nə olduğunu, oraya yığışanların total çoxluğunun əsl məqsədlərini ortaya qoydu.

Bu adamlar Dağlıq Qarabağ mövzusundan, azadlıqdan, demokratiyadan və ilaxırdan danışıb kəlmələrində yaymanmağı sevsələr də, batinləri hələ də lümpenləşmiş təfəkkürün salxaq çərçivəsindən kənara çıxmayan cılızlıqdı.

Onlar sanki marionet teatrındakı kuklalardı.

Səd heyf...

Elçin Alıoğlu
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tural Abbaslı və İsgəndər Həmidov əlbəyaxa dava həddinə gəldilər - AXH-də qarşıdurma