Beyin oyunu şizofreniya xəstələrinin həyatını yaxşılaşdırır

2 Aprel 2019 23:10

Kembric Universitetinin verdiyi məlumata görə, kompyuterdə oynanan beyin-təlim-məşq oyunları şizofreniya xəstələrinin gündəlik həyatlarını yaxşılaşdıra bilər.
Dörd həftə ərzində aparılan təcrübədə məlum oldu ki, beyin oyunlarında olan bir sıra testlər yaddaş və tədrisin yaxşılaşmasına imkan verir. Bu isə, bir çox əqli problemlərdən əziyyət çəkən insanlara faydalıdır. Xüsusən də, şizofreniya xəstələri bu oyun sayəsində sağalmağa doğru irəliləyə bilərlər.
Bəs görəsən beyin oyunları sağalmağa necə kömək edir?

Kembric Universitetinin tədqiqatçıları bu sualın cavabını asanlıqla cavablandırdılar. Belə ki, onların fikrincə, oyun zamanı insan zəkasını işlətməyə məcbur qalır. Dəfələrlə oynanılan zaman isə, bu proses vərdiş halına keçir. Nəticədə isə, zəka daha da irəliləməyə başlayır. Bu isə, bir çox xəstələrə müsbət təsir bəxş edir.
Kembric Universitetində psixiatriya departamentinin professoru olan Barbara Saakyan bu mövzu barəsində bildirib : "Bir çox əqli xəstələr dərman preparatları sayəsində sağalmağa çalışırlar. Təəssüflər olsun ki, bu dərmanlar olduqca yüksək dozada olduğundan orqanizmə mənfi təsir göstərir. Beyin oyunları isə, həm zərərsiz, həm də daha təsirli çıxış yoludur. Bu səbəbdən də, yeni çıxış yolunun bir çox xəstələrə tətbiq edilməsi planlaşdırılır".

Milli.Az