Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı - dopinqə görə

29 Mart 2019 17:39

Azərbaycanı təmsil edən ağırlıqqaldıran Valentin Xristov 2012-ci ildə London olimpiadasında qazandığı bürünc medaldan məhrum edilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İntizam Komissiyası Xristovun olimpiada vaxtı antidopinq qaydalarını pozduğunu ortaya çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bununla da, bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın həmin yarışda 4-cü olmuş Tran Le Kuok Toana (Vyetnam) verilməsi qərara alınıb. 

Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, 2015-ci ildə orqanizmindən "nandrolon" tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb. 

Milli.Az