Təqva dinin qayəsidir

21 Mart 2019 17:20

Təqva sözü qorunma, çəkinmə deməkdir. Təqva insanın özü ilə qorxub çəkindiyi şey arasında onu qoruyacaq bir maneə qoymasıdır. Təqva savabını Allahdan umaraq Onun əmrlərini yerinə yetirmək və Allahın əzabından qorxaraq Onun qadağan etdiyi şeylərdən çəkinməkdir.

Böyük nəsihət
Milli.Az zikr.az-a istinadən bildirir ki, təqva dinin qayəsi, hər bir xeyirin əsasıdır. Bu, Uca Allahın həm əvvəlkilərə, həm də sonrakılara etdiyi böyük bir nəsihətdir. O buyurur: "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allahı inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir" (ən-Nisa, 131).
Peyğəmbərimiz - ona və ailəsinə Allahın salavatı və salamı olsun - xutbə verərkən insanlara təqvanı xatırladaraq bu ayələri oxuyardı:
"Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" (Ali İmran, 102).
"Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zövcə­sini yara­dan və onlardan da bir çox ki­şi və qa­dın törədib yer üzünə yayan Rəb­­biniz­dən qor­xun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istə­diyiniz Allah­dan və qohum­luq əlaqələri­ni kəsməkdən çəki­nin! Hə­qiqətən, Allah sizə nəzarət edir" (ən-Nisa, 1).
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar" (əl-Əhzab, 70-71).
Həmçinin, Peyğəmbər öz səhabəsinə nəsihət edərək buyurmuşdur: "Harada olsan, Allahdan qorx. Günah etsən, ardından yaxşı əməl et ki, onu silsin və insanlarla gözəl rəftar et". (ət-Tirmizi, 1988).

Təqvanın fəziləti
Bəndə Allahın buyurduqlarına əməl etdikcə və qadağalardan çəkindikcə, təqvası və Allah dərgahındakı hörməti artar. Allah dərgahında insanların ən hörmətlisi isə ən çox təqvalı olandır. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınızdır" (əl-Hucurat, 13).
Təqva səbəbilə bəndə Allahın sevgisini qazanır. O buyurur: "Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər" (Ali İmran, 76).
Uca Allah Cənnəti təqva sahibi olan müttəqilər üçün hazırlamışdır. O, müttəqiləri tərifləyərək buyurur:
"Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali İmran, 133-136).

Milli.Az