Hirsutizm nədir?

21 Mart 2019 16:45

Hirsutizm - qadınlarda androgenə həssas hissələrdə - üzdə, üst dodaqda, çənə və çənəaltı nahiyyədə, sinə arasında, gilə ətrafında, qarın və göbək ətrafında kişilərə xas olan tüklərin əmələ gəlməsidir.
Hirsutizm 5% qadınlarda müşahidə olunur. Hirsutizmi hipertrixoz ilə diferensiasiya etmək lazımdır.

Hirsutizm hipertrixozdan nə ilə fərqlənir?

Milli.Az sahhat.az-a istinadən bildirir ki, hipertrixoz androgenə həssas olmayan hissələrdə nazik və yumşaq tüklərin artmasıdır. Normalda bütün dəri səthi nazik tük ilə örtülüdür (sinə arası hissədə nazik tük örtüyü var, burada tük örtüyünün artması-hipertixozdur; qalın,tünd və uzanan tüklərlə əvəzlənməsi isə hirsutizmdir).

Hirsutizmə səbəb nədir?

Hirsutizm qadınlarda kişi cinsi hormonlarının artıq ifrazı və ya tük follikullarının androgenə olan həssaslığının artmasından yaranır. Bu hormonal pozğunluqdan bədən səthində olan yumşaq və nazik tüklər qalın və uzanan tünd tüklər ilə əvəzlənir. Qadın orqanizmində kişi hormonun artıq ifrazı yumurtalıqlarda və böyrəküstü vəzilərdə androgen ifrazına səbəb olan xəstəliklərdən və törəmələrdən yaranır. Az hallarda səbəbsiz (idiopatik ), genetik (ailəvi) və bəzi medikamentoz preparatların qəbulundan olur. Hirsutizm menstrural pozğunluğu, sonsuzluq, saç tökulməsi, saçın ön hissədə seyrəkləşməsi, artıq çəki, akne ilə müşahidə olunur.

Hirsutizm hansı xəstəliklərdə yaranır?

Hirsutizm yumurtalıqların polikistoz sindromu, anadangəlmə böyrəküstü vəzin qabıq qatında pozğunluq, Kuşinq sindromu, hipotireoz, prolaktinoma zamanı olur. İdiopatik hirsutizm zamanı hisutizmin səbəbi aşkarlanmır. Bu qadınlarda menstural sikl, kişi hormonlarının qanda göstəricisi, reproduktiv funksiya normal olur.

Hansı preparatların qəbulundan hipertrixoz və hirsutizm yarana bilər?

Anabolik steroidlər, progestin, Minoksidil, Siklosporin, Kortikosteroidlər (Kortizol,Hidrokortizon), Diazoksid, İnterferon, Streptomisin.

Oral kontraseptiv preparatlar hirsutizm yarada bilərmi?

Müəyyən kontraseptiv preparatların tərkibində androgen təsirli progestin bu hala səbəb ola bilər. Hazırda bu kontraseptiv preparatlardan demək olar ki istifadə olunmur. Müasir kontraseptiv preparatlar antiandrogen təsirə malikdir (yəni hirsutizmə səbəb olmur).

Hirsutizm əlamətləri zamani nə etmək lazımdır ?

Hirsutizm ciddi bir xəstəliyin əlaməti ola bilər. Bu prosesdə əsas amil hiperandrogenemiyadır. Səbəbi araşdırmaq üçün həkim-endokrinoloqun və ya ginekoloq-endokrinoloqun baxışı olmalıdır. Yumurtalıqlarda və böyrəküstü vəzlərdə androgen ifrazına səbəb olan xəstəliyi, törəməni aşkarlamaq üçün şüa diaqnostikasından (USM,KT) istifadə edilməli, qanda və sidikdə androgenlərin miqdarı yoxlanılmalıdır (testesteron.LQ. DHEA-SO4və s.). Yumurtalıq və böyrəküstü vəzidə törəmə aşkarlanarsa müalicə cərrahi üsulla aparılır. Hirsutizm xəstəlik nəticəsində yaranarsa androgen ifrazını blakada edən müalicə seçilməlidir. Əgər pasiyentdə artıq çəki varsa karbohidratlı qidadan pəhriz etməlidir. Bədən çəkisinin normal olması qanda androgen səviyyəsinin azalmasına təsir edir. Hirsutizm zamanı müalicənin effekti 3-6 ay və daha uzun müddətdən sonra yaranır. Nəticədə tüklərin artması və əmələ gəlmə tezliyi azalır, tüklər yumşaq və daha zəif əmələ gəlir. Əgər hirsutizmin səbəbi aşkarlanmazsa - idiopatik (genetik) xarakterdə olarsa əmələ gələn tüklər epilyasiya ilə götürülə bilər. İdiopatik hirsutizm sağlamlıq baxımından pasiyent üçün qorxulu deyil, kosmetik problemdir.

Milli.Az