2010-cu ildə İT bazarında artım 10-15 faiz təşkil edəcək - HP-nin vitse-prezidenti Axim Kutler
8 Aprel 2010 20:33
- Son ilin yekunları üzrə dünyada İT-nin inkişaf dinamikasını necə xarakterizə edərdiniz?
- Biz yüksəlişə ümid edirdik, bütün proseslər və prosedurlar artıma yönəlmişdi, birdən məlum oldu ki, bazar artmır və biz strategiyanı dəyişərək şirkətin daxilindəki prosesləri yenidən qurmalı olduq. Kompüter bazarına gəlincə, burada bir qədər asan idi və biz müəyyən dəyişiklik edərək pərakəndə bazara çıxa bildik.
- Qlobal böhran İT bazarına necə təsir göstərib? Əsasən yüksək texnoloji avadanlıq sektoruna nə dərəcədə ciddi ziyan dəyib? İqtisadi dəyişiklikləri nəzərə alaraq, sifarişçilərin İT-yə tələbatı dəyişibmi? Sizin qiymətləndirmələrə görə, orta hesabla tələbat nə qədər azalıb?
- Deyə bilərəm ki, Mərkəzi və Şərqi Avropa ölkələrində 2008-ci illə müqayisədə 2009-cu ildə real tələbat 30-35 faiz azalıb. Başqa heç bir regionda azalma müşahidə edilməyib.
- Buna uyğun olaraq HP şirkətinin strategiyası necə dəyişib və yaranan şəraitdə HP hansı antiböhran strategiyasını həyata keçirir? Xüsusilə də hansı istiqamətlərə diqqət ayrılır?
- Bizim strategiyanın əsas elementləri məhsulların maya dəyərinin azaldılması, keyfiyyətinin artırılmasıdır, həmçinin bazarda iştirakımızın artmasından istifadə edərək, ehtiyat hissələrinin ucuz alınmasıdır. Bunun sayəsində 2009-cu ildə HP bazarda pay hissəsini artırıb, eləcə də gəlir əldə edib. Bizim əsas strategiyamız məhsulların maya dəyərini azaltmaq və səmərəliliyi artırmaqdır.
- Bu il nə kimi dəyişikliklər gözləyirsiniz? 2010-cu ildə azalma proqnozlaşdırılırmı?
- Əgər Şərqi Avropa ölkələri regionundan danışsaq, 2010-cu və sonrakı illərdə gözləyirik ki, artım həmin bazarlar üzrə qayıdacaq və böhrandan əvvəlki həcmi bərpa olunacaq. Bütün hallarda IDC (Beynəlxlaq Analitik Şirkət) hesab edir ki, 2010-cu ildə artım 2009-cu ilin səviyyəsinə nisbətdə 10-15 faiz təşkil edəcək. Biz təxminən eynisini gözləyirik və öz planımızı buna uyğun qururuq. Biz həmçinin həmin bazarda uğurlarımı davam etdirmək üçün investisiya qoyuruq. Biz hər üç seqmentdə - korporativ seqmentdə, kiçik və orta müəssisələr, həmçinin riteyl seqmentində iştirak etməyi planlaşdırırıq. Bazarın bütün seqmentlərində son istehlakçılar üçün böyük həcmdə məhsul təklif etməyimiz buna misal ola bilər. Bu o deməkdir ki, biz bu bazarların imkanlarına inanırıq və burada işləyəcəyik.
- Yaxın illərdə hansı məhsullara və xidmətlərə üstünlük verəcəksiniz?
- Konkret məhsullar barədə danışmaq çətindir, çünki bizim əhatə dairəmiz genişdir və müxtəlif kateqoriyalarda məhsullarımız var. Ona görə də deyə bilmərik ki, konkret hansı məhsul üzərində diqqətimizi cəmləşdirəcəyik.
Bizim bu regionda korporativ seqment, kiçik və orta müəssisələr seqmentinin və məhz son istehlakçılar üçün riteyl seqmentinin inkişafı üzrə planlarımız var.
- Sizin fikrinizcə, bu sahədə artıq ənənə halını almış "marketinq müharibəsi" qorunub saxlanılacaqmı? Yaxud əksinə, vendorlar öz reklam büdcələrini azaldacaq və inkişafın digər yollarını axtarmağa başlayacaq?
- Bu, ümumilikdə iqtisadiyyatın və bazarın vəziyyətindən asılıdır. Əlbəttə ki, böhran anlarında biz büdcəni azaltmalıyıq, lakin bizim artım gözlədiyimiz anda isə təbii olaraq, düşünürəm ki, marketinq və reklam büdcəsi artacaq.
Dediyim kimi, biz istehlak və riteyl seqmentinin inkişafına diqqət ayırırıq və burada reklamın imkanları məhdudlaşdırılmayıb. Yəni biz reklamın mümkün növlərindən geniş istifadə edə bilərik. Şirkət üçün əsas istehlakçılara hansı məhsulların təklif edilməsni bilmək vacibdir. Bizim adımızdan satış həyata keçirən şirkətlər üçün istehlakçılara məhsulun düzgün təklif edilməsi və düzgün izah edilməsi də vacibdir. Bununla da biz güclü brend yarada və bunun əsasında yüksək satışa nail ola bilərik.
- HP-nin Azərbaycanda firma mağazasının açılması planlaşdırılırmı?
- Bu cür mağazaların açılması bizim üçün mühüm məqamlardandır. Bu günə qədər regionda belə mağaza Moskvada açılıb. Və bu, biz istədiyimiz modeldir. Biz HP-nın firma mağazalarının açılmasını istəyirik, lakin eyni zamanda satışla bizim yerli tərəfdaşlarımızın məşğul olmasını istərdik. Belə ki, biz bu cür görürük, bu bazarın inkişafını bu cür görürük. Bakıya gəlincə, mən hesab edirəm ki, bu ideyanı nəzərdən keçirmək olar, lakin bu, layihənin imkanlarından və gəlirliliyindən asılı olacaq. Fikirləşirəm ki, əgər parametrlər bizi qane edərsə, Bakıda firma mağazası açmaq məsələsi müsbət qarşılana bilər. Birincisi, istehlakçılara bütün məhsullarımızı bir yerdə təqdim etmək üçün imkanlar yaradır. İkincisi, istehlakçıları istədiyimiz səviyyədə məhsullarla təmin etmək bizim üçün vacibdir. Ona görə ki, həmin mağazalarda xüsusi təlimlər keçmiş insanlar işləyir və onlar istehlakçıların istənilən suallarına qənaətbəxş cavab verə bilərlər.
- Şirkətin azərbaycanda texnoparkın yaradılması layihəsinin həyata keçirilməsində nə kimi rolu və planları var?
- Bizim üçün bu qəbildən olan layihələrdə və milli təşəbbüslərdə iştirak etmək çox vacibdir və biz dünyanın bir çox ölkələrində belə layihələrdə iştirak edirik. Bu, texnologiya və ölkələrin hökumətləri əməkdaşlıq baxımından bizim üçün vacibdir.
- HP dünyada, o cümlədən Azərbaycanda İT sənayesində liderlərdən biridir. Azərbaycan bazarı digər MDB ölkələrinin bazarlarından nə ilə fərqlənir? Fikrinizcə, Azərbaycanın informasiya texnologiyaları bazarının nə kimi inkişaf perspektivləri var?
- Azərbaycandakı vəziyyət digər MDB ölkələrindəki vəziyyətlə çox oxşardır. Əksər MDB ölkələrində iri İT layihələri hökumət tərəfindən və ya hökumətin dəstəyi ilə həyata keçirilir. Həmçinin bir sıra MDB ölkələrində bizim sifarişçilərimiz olan beynəlxalq şirkətlər var. Əksər MDB ölkələrinə baxdıqda görürük ki, Avropa ölkələrindən fərqli olaraq burada orta və kiçik müəssisələr bir o qədər də inkişaf etmir. Lakin praktiki olaraq bütün MDB ölkələrində bazarın istehlakçı və riteyl seqmenti inkişaf edir. Bu onunla əlaqədardır ki, insanların böyük gəlirləri var və onlar müvafiq olaraq İT məhsullarının alınmasını artırırlar. Azərbaycanın İT sektorunda vəziyyət digər MDB ölkələrindəki vəziyyətdən əsaslı şəkildə fərqlənmir.
Azərbaycanda həyata keçirilən mühüm layihələrdən biri olan "Xalq kompüteri"nin digər MDB digər ölkələrində də olmasını görmək istərdim. Bu, hökumət tərəfindən dəstəklənən, Microsoft və HP kimi şirkətlərin iştirak etdiyi çox əhəmiyyətli və iri layihədir. Bir çoxları anlayır ki, informasiya texnologiyalarına daxil olmaq ölkənin gələcəkdə uğuru üçün çox vacibdir, Azərbaycanda da bu cür laytihələrin həyata keçirilməsi çox vacibdir. Düşünürəm ki, Azərbaycan bu planda digər MDB pölkələri üçün nümunədir.
- Bu yaxınlarda şirkətin noutbuk istehsalında investisiyaları azaltması ilə bağlı informasiya meydana çıxdı. Bu ondan xəbər verirmi ki, bazarın bu seqmenti öz aktuallığını itirir?
- Biz istehlakçılara bütün məhsulların növlərini təqdim etməyə çalışırıq. Qurğuların iki əsas parametri var: texniki imkanlar və mobillik. Əgər qurğuları, yəni mövcud imkanlara malik noutbukları və smartfonları bir xətt boyunca düzsək, bu zaman onlar arasında hansısa seqment görünür və bu gün ora tam dolmayıb, yaxud boşdur. Buna görə də mən hesab edirəm ki, bu cür qurğular gələcəkdə də olacaq və əlbətdə ki, biz ilk növbədə istehlakçıların kim olması, burada hansı bazarın olması və onların necə istifadə etməsi barədə düşünməliyik.
Noutbukların kimlər tərəfindən istifadə edilməsinə gəlincə, bu zaman mən düşünürəm ki, bu cür kompüterlər məktəblilər üçün həyatlarında ilk personal kompüter ola bilər.
/Trend/