İsrail səfiri: Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

16 Mart 2019 19:19

"İsrail gimnastı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandığı üçün çox fəxr edirəm". Bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Xatırladaq ki, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekunu üzrə İsrail təmsilçisi Artyom Dolqopyat 15.066 balla birinci olub.

Diplomat İsrail gimnastının möhtəşəm performans göstərdiyini bildirib: "Bu, yüksək səviyyəli çıxış idi, tapşırıq ideal icra olundu".

D.Stav burada yüksək rəqabətin olduğunu vurğulayıb: "Alətlər dünya standartlarına cavab verir. Bunu Bakıya gələn bir çox idmançılardan eşitmişəm. Həmçinin Azərbaycan tamaşaçılarına minnətdaram ki, bütün gimnastlara belə hörmətlə yanaşırlar. Bu, arenada əsl idman ab-havasının olduğunu göstərir".

Səfir deyib ki, israilli idmançılar bura gəlməkdən və yarışmaqdan çox şaddırlar: "Çünki burada yaxşı alətlər, müsbət ab-hava və peşəkar münasibət var. Bu Dünya Kuboku Olimpiya Oyunları və digər vacib yarışlara hazırlaşan idmançılar üçün öz güclərini sınamaq baxımından çox mühüm turnirdir. Bundan başqa, onlar Avropa çempionatına hazırlaşırlar".

Diplomat idman gimnastikası üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:

"Milli Gimnastika Arenasında çox olmuşam və buradakı şərait, alətlər mənə həmişə çox yaxşı təsir bağışlayıb. Təşkilatçılıq həqiqətən də nöqsansız, idealdır. Ümumiyyətlə, evindən çox uzaqda olanlar özünü Azərbaycanda evindəki kimi hiss edir. Mən Azərbaycana müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına verdiyi bu çox gözəl töhfəyə görə minnətdaram".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az