Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsi başladı - FOTO

16 Mart 2019 12:26

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların üçüncü gününə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün final mərhələsində kişi idmançılar arasında sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə tapşırıqlarda ən güclülər müəyyənləşəcək. Qadın gimnastlar arasında isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər məlum olacaq.

Günün sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Martın 17-nə qədər davam edəcək yarışlarda təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma və gimnastika tiri) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az