Millət vəkili: "Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır"

16 Mart 2019 09:48

Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev Azərbaycan paytaxtında keçirilən VII Qlobal Bakı Forumunu şərh edərkən deyib.

R.Əliyev bildirib ki, VII Qlobal Bakı Forumunda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazir, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, çoxsaylı analitiklər, jurnalistlər və gənc liderlərin iştirakı ildən-ilə foruma marağın artdığına, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyinə bariz nümunədir.

Millət vəkili vurğulayıb ki, artıq mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunun əsas mövzusunun "Dünyanın yeni xarici siyasəti" müəyyən edilməsi təsadüfi deyil:

"Prezident İlham Əliyevin forumun açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, son forumdan etibarən ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizliklə bağlı məsələlərdə çox şey dəyişib. Bu forumun və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz dünyada yüksək nüfuza malikdir, multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyi, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan bir ölkədir və artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir platformaya çevrilib. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasətin nəticəsidir".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az