Azərbaycan gimnastı: Tamaşaçı dəstəyi kömək edir

16 Mart 2019 07:45

Çıxış zamanı tamaşaçıların dəstəyi kömək edir. Bu barədə Trend-ə Azərbaycan gimnastı İvan Tixonov deyib.

Gimnast bildirib: "Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəldi. Ev tribunaları hər zaman yaxşı olur, dəstək əladır. Özünü çox yaxşı hiss etməsən də, çıxıb tamaşaçıların sənin adını səsləndirdiyini eşitmək adama enerji verir".

İdman gimnastikası üzrə Dünya Kubokunun kvalifikasiya yarışlarında çıxışının yekununu vuraraq, idmançı qeyd edib ki, kombinasiyalar üzərində işləyəcək: "Çıxışım alınmadı, azca tamamlamadım. Dünya Kuboku bu mövsümdə ilk startdır, üç gündən sonra Dohaya (Qətər) Dünya Kubokuna yollanacağıq, kombinasiyaları "itiləyəcəyik".

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az