Rövşən Əsgərov: "Rusiya pasportum var, ancaq Ermənistana buraxmazlar"

15 Mart 2019 20:59

"Kim?, Nə? Harada?" klubunun əfsanəvi üzvü, oyunun "Birinci kanal"da (Rusiya) yayımlanan televiziya versiyasında 20 il iştirak etmiş azərbaycanlı zəka, "Baku" adlı Moskva jurnalının ictimai əlaqələr üzrə direktoru Rövşən Əsgərov "Sports.ru" saytına müsahibə verib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, o, müsahibədə "Sport-Ekspress" jurnalının redaksiyasında işlədiyi müddətdə (2001-2007) ən qeyri-adi səfəri ilə bağlı xatirələrini bölüşüb.

"Ən çox xoşuma gələn əhvalatdır. Xizək çempionatı üçün İtaliyaya səfər edirdik, Moskvadan çıxan təyyarə ilə Ermənistan yığması da uçurdu. Təyyarə İtaliyada eniş etdi, düşdük, bizi Alp dağlarında yerləşən hotelə aparmalı idilər. 

Yükümüzü artıq almışdıq, ancaq ayaq üstdə gözləyirdik. Soruşuram: "Niyə getmirik?", "Ermənistan yığmasının problemləri çıxıb" deyə cavab verdilər. Nəqliyyat vasitəsi isə bizdə ümumi idi.

Əməkdaşlara yaxınlaşıb, məsələni aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, baqajın bir hissəsini itiriblər. Başqa bir problem italyanların erməni, ermənilərin isə italyan dilində danışa bilməməsi idi.

Ermənistan tərəfi ingiliscə bir kəlmə anlamır, ancaq almanca danışırlar. Onlar demək istədiklərini tərcümə edə biləcək birini gözləyirlər. Düşünürəm: "Hər halda onlar rusca danışa bilirlər, mən isə ingiliscə".

Mənim vasitəçiliyimlə razılığa gəldilər, məsələ həllini tapdı. Onlara söz verdilər ki, bütün yükləri çatdıracaqlar. Rusiya yığmasının avtobusuna əyləşmişdim ki, bir italiyalı yaxınlaşdı. "Siz ermənilərin olduğu avtobusda gedə bilərsiniz? Sizdən başqa heç kim erməni dilində danışa bilmir?"

Mən bunu normal qəbul etdim. Siz stereotiplərlə yaşayırsınız. Milli hekayələr o qədər də ağıllı olmayan insanlar üçün spekulyasiyadır", - deyə Əsgərov xatırlayıb.

O bildirib ki, sonuncu dəfə Ermənistanda 1981-ci ilin yayında olub.

"Həmin dönəmlərdə vahid bir ölkədə yaşayırdıq, indi isə ora gedə bilmərəm. Ona görə ki, müəyyən şərtiliklər var. Millətimdən ayrı yaşaya bilərəm, ancaq dəlisov qaydalar əsasında mövcud olan bir aləmdəyəm.

Deyirlər ki, iki ölkə arasında münaqişə var. Məni Ermənistana indi buraxmayacaqlar. Belə ki, erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması halları olub.

Bəli, mənim Rusiya pasportum var. Olanım budur. Mən Rusiya vətəndaşıyam. Ancaq mən media fiquruyam, insanlar mənim harada doğulduğumu bilirlər, mənim təhlükəsizliyimə heç bir zəmanət olmayacaq.

1988-ci ildən Ermənistanla Azərbaycan arasında müharibə gedir. Müharibə Azərbaycan ərazisində gedir. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. İki ölkə arasında qarşıdurma var. Bu, bir növ SSRİ vətəndaşının 1943-cü ildə Almaniyaya səfər etməsinə bənzəyir. 

Suriyaya nə üçün getmirəmsə, Ermənistana da ona görə getmirəm. Problemsiz şəkildə geri qayıdacağıma əmin olduğum istənilən ölkəyə rahat şəkildə gedirəm. Ermənistan məsələsində belə əminlik yoxdur.

Mənim ermənilərə qarşı nifrətim yoxdur. Xalqa necə nifrət etmək olar? Nəyə görə? Mənim fikrimdə düşmən, şəxsən mənə pislik etmiş adamdır. Mənim dostlarıma, qohumlarıma. Bu formula ilə götürsəm, azərbaycanlılar arasında düşmənim daha çoxdur. Ancaq mən dostu-düşməni milli mənsubiyyət əsasında ayırmıram. Bu, bir növ sənin ölkəndən olduğuna görə hansısa komandaya azarkeşlik etməyə bənzəyir.

Mənim oğlum nə vaxtsa Qarabağın Ermənistan ərazisi olduğunu söyləyə bilər? Xeyr. Nə üçün bunu desin axı? Biz istənilən ərazini başqa bir dövlətin ərazisi elan edə bilərik. Ancaq Qarabağ de-yuri Azərbaycan ərazisidir. BMT-nin bununla bağlı başqa qərarı qəbul olunmayana qədər bu bir fakt olaraq qalacaq".

Milli.Az