Reuters: Efiopiya və İndoneziyadakı təyyarə qəzaları arasında oxşarlıq var

15 Mart 2019 23:36

Efiopiyada qəzaya uğrayan "Boeing 737 MAX 8" təyyarəsinin qalıqlarının tədqiqatı həmin faciə ilə ötən ilin oktyabr ayında İndoneziyada "Lion Air" aviakompaniyasına məxsus analoji təyyarə qəzasının eyni səbəbdən baş verməsi barədə ilkin nəticə çıxarmağa imkan verir.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqatçılar Efiopiyaya məxsus təyyarənin hündürlük sükanının qəza zamanı tipik olmayan şəkildə əyildiyini aşkar ediblər. Horizontal stabilizatorun bu cür vəziyyəti qəzaya uğrayan İndoneziya təyyarəsində də müşahidə olunmuşdu. Hündürlük sükanının vəziyyəti qəzanın səbəbini aydınlaşdırmağa yardım edə bilər.

Martın 13-də ABŞ Federal Aviasiya İdarəsi "Boeing 737 MAX 8" laynerinin Efiopiyada və İndoneziyada qəzaya uğramasında bəzi oxşar cəhətlərin olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 10-da Efiopiyanın "Boeing 737-MAX 8" təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra dünyanın əksər ölkələri, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik nöqteyi-nəzərindən "Boeing 737 MAX" təyyarələrinin istifadəsindən imtina etmiş və bu tip laynerlər üçün öz hava məkanlarını bağlayıb. "Boeing" kompaniyası isə öz növbəsində "737 MAX" modelinin təhlükəsiz olduğuna əminliyini ifadə edib, lakin uçuşların dayandırılması barədə qadağaları başa düşdüyünü bildirib.

Milli.Az