Səyahətdə azərbaycanlıların başına gələnlər - FOTO

15 Mart 2019 16:19

Səyahət aşiqlərinin bir araya toplandığı feysbukun məşhur qruplarından olan "Gəzəyənlər"in üzvləri bu dəfə xarici ölkələrdə maliyyə cəhətdən başlarına gələn maraqlı əhvalatları paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən həmin hadisələrdən bir neçəsini oxuculara təqdim edir:

Peyman Xəlilov yazır ki, bir dəfə Moskvada gecə metronun yaxınlığından taksiyə minib otelə aparmasını xahiş edib: "Xeyli yol gəldik və yüksək də qiymət dedi. Səhər oteldən çıxıb 100 metr gəzə-gəzə getmişdim ki, axşam taksiyə mindiyim yer olduğunu gördüm. Onda bildim ki, aldanmışam".

Vətəndaşlarımızın çoxu demək olar ki, müxtəlif ölkələrdə heyvanlarla şəkil çəkdirən zaman aldadılıb. Onlar həmin fotoları paylaşaraq başlarına gələn əhvalatı yazıblar.

Sevinc Hüseynqızı: "Dominikanda bir fotoqraf yaxınlaşdı. Bir az danışdıqdan sonra türk olduğunu öyrəndim. Tutuquşu, meymunla xeyli şəklimizi çəkdi. Həmin günün sabahı studiyasına yaxınlaşıb şəkillərin qiyməti ilə maraqlananda mənə birinin 20 dollar olduğunu dedi. Başqa bir gün yenidən gedəndə gördüm ki, türk oğlan yoxdur, köməkçisinə 50 dollar verib bütün şəkilləri götürdüm. Mən də qabağa düşdüm, dominikanlı qaqaş da".

Orxan Zakirov: "Mən də bu koala ilə şəklə görə 20 dollarımdan keçdim. Amma məncə hər qəpiyinə dəyər".

Peyman Xəlilov adlı səyahətçi isə Kiyevdə başına gələn əhvalatı yazıb: "Bir nəfər meymunu qucağıma qoyub şəkillərimi çəkdi. Sonra da 500 qriven istədi. Mən də dedim, indi meymunu sənə, səni meymuna qataram. Gördü o deyən deyil, getdi. Həmin meymun isə budur".

Xəlil Mirzəliyev də onu aldatmaq istəyən şəxsi bu əməlinə peşman edib: "Parisdə bir nəfər mənə 10 sm-lik Eyfel qülləsi maketini 10 avroya satırdı, amma yanında 7-8 dənə Eyfel breloku və bir də maqnit aldım. Yazıq sonda dedi ki, hələ ondan belə bazarlıq edən olmamışdı".

Vaqif Hüseynov: Qardaşımla Katmanduda (Nepal) qızıl mağazasına girdik, guya, anamıza qızıl boyunbağı alırdıq hədiyyəlik. Təxminən 200 dollar pul verdik, gətirəndə baxıb dedi ki, çox sağ olun bijuteriya üçün. Sən demə, nəinki Nepalski qızıl, heç indiyski də deyilmiş, nə bilim, nə zibilski imiş".

Elvin Zada adlı istifadəçi isə Türkiyədə taksi sürücüləri tərəfindən aldadılanlardandır: "Sürücüylə qiymət danışdım, 150 lirəyə aeroporta aparmağa razı oldu. Minəndə taksimetri söndürməmişdi, düşəndə fikir verdim ki, 100 lirə yazıb. Bir az özüm-özümü aldatmış kimi oldum".

Fərqan Əliyev: "Misirdə bir ərəb 100 dollara "Samsung J7",  150 dollara da "Note 7" aldım. Elə düşünürdüm ki, ərəbi aldadıb qabağa düşmüşəm. 10 dəqiqə sonra gördüm telefonlar işlətməyə yaramayacaq. Başqa ərəbə 500 dollara satdım "Note"u. Sonradan bildim ki, həmin ərəb bütün El Dexilada məni axtarırmış".

Milli.Az