Baş nazir: "2018-ci ildə Azərbaycanın hərbi-sənaye potensialının artırılması istiqamətində məqsədyönlü fəaliyyət aparılıb"

15 Mart 2019 13:12

2018-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrimizin müasir döyüş texnikası, silah-sursatla təmin edilməsi, şəxsi heyətin döyüş əhvali-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin ən yeni hərbi texnika, o cümlədən yüksək dəqiqliyə malik uzaq mənzilli "Polonez" və "LORA" raket sistemləri, ballistik raketlərə qarşı hava hücumundən müdafiə vasitələri, pilotsuz uçan aparatlar, radio-elektron mübarizə qurğuları və digər hərbi texnika ilə təchiz edilməsi diqqət mərkəzində olub:

"Silahlı Qüvvələrin arsenalında olan texnikanın və döyüş vasitələrinin Bakı şəhərində keçirilmiş iki möhtəşəm hərbi paradda nümayiş etdirilməsi deyilənlərə əyani sübutdur. Azərbaycan Ordusunun ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı uğurlu hərbi əməliyyatı nəticəsində strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilib və 1992-ci ildən Ermənistan silahlı birləşmələrinin nəzarətində olan Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib".

Baş nazir vurğulayıb ki, ötən il müdafiə sənayesi müəssisələrində 1200 növə qədər 250 milyon manat dəyərində məhsul istehsal edilib: "Keçən il cəmiyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, fonddakı vəsaitlərin ümumi həcmi 96,8 milyon manata çatıb".

Milli.Az