Novruz Məmmədov: "Azərbaycana turist axınının artması bu sahənin inkişafından xəbər verir"

15 Mart 2019 13:03

Azərbaycana turist axınının artması bu sahənin inkişafından xəbər verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

N.Məmmədov bildirib ki, ötən il Azərbaycanda səhiyyənin inkişafına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müasir avadanlıqlarla təmin edilməsinə böyük diqqət ayrılıb, 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.

Baş nazir turizm sahəsinin inkişaf etdiyini də diqqətə çatdırıb: "Ötən il ərzində Azərbaycana gələn xarici turistlərin sayının artaraq 2,8 miyon nəfərə çatması bu sahənin inkişaf etməsindən xəbər verir".

O, ötən il idmançılarımızın da böyük uğurlar qazandığını xatırladıb. 2018-ci ildə ölkəmizdə 58 beynəlxalq yarışın keçirildiyini diqqətə çatdıran Baş nazir idmançılarımızın 236 beynəlxalq turnirdə iştirak etdiyini, 263-ü qızıl olmaqla 753 medal qazandığını bildirib.

N.Məmmədov, həmçinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib. Azərbaycan "Doing Business" hesabatında 32 pillə irəliləyib, MDB dövlətləri arasında lider mövqeyə yüksəlib.

Baş nazir vurğulayıb ki, keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib: "Ötən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub. Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb".

Milli.Az