Ali məktəblərə və kolleclərə sənəd qəbuluna başlanılıb

15 Mart 2019 13:02

Bu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Müsabiqədə iştirak ödənişlidir.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanının ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir.

Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında (zonalar üzrə 7, 14, 21 aprel) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək.
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İlk qəbul imtahanı (yaz sessiyası) I-IV ixtisas qrupları üzrə mayın 12-də, II-III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyunun 23-də, II-III ixtisas qruplari üzrə isə iyulun 7-də keçiriləcək.Abi­turiyent­lər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupları üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər. Tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün imtahan aprelin 28-də keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə martın 15-dan aprelin 15-dək aparılacaq .

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Milli.Az