Türkiyəli gimnast: "Azərbaycanlı azarkeşlər bizi çox dəstəkləyir"

15 Mart 2019 08:08

Azərbaycanlı azarkeşlər bizi çox dəstəkləyir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə türkiyəli gimnast Ferhat Arican bildirib.

F.Arican deyib: "İdman gimnastikası üzrə Dünya Kubokunun ilk günü yaxşı keçdi. Mən qollarda hərəkətlərdə final mərhələsinə vəsiqə qazandım. Hərəkətləri daha yaxşı yerinə yetirə bilərdim, lakin öz çıxışımdan razıyam. Ümid edirəm ki, finald yaxşı nəticə göstərəcəm".

Gimnast bildirib ki, Azərbaycanın paytaxtına çox gəlib və burada özünü evdəki kimi hiss edir: "Azərbaycanlı azarkeşlər bizi çox güclü dəstəkləyirlər, buna görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Bakıda yarışlarda çıxış edərək böyük zövq alıram və özümü xoşbəxt hiss edirəm".

Xatırladaq ki, türkiyəli gimnast Ferhat Arican 14,666 bal nəticə ilə qollar üzərində hərəkətlərdə finala yüksəlib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az