“Özbəkistan Hava Yolları”nın yeni təyyarəsi ilk uçuşunu Bakıya edib

14 Mart 2019 21:43

"Özbəkistan Hava Yolları" şirkətinin yeni əldə etdiyi "Airbus A320neo" markalı sərnişin təyyarəsi ilə ilk uçuş Bakıya olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 14-də yerli vaxtla saat 13.40-da Daşkənd hava limanından qalxan təyyarə bir qədər əvvəl Azərbaycanın paytaxtında yerə enib.

"Özbəkistan Hava Yolları"nın martın 11-də parkına əlavə etdiyi yeni layner müasir dizayna, fərdi ekranlarla təchiz edilmiş geniş və rahat oturacaqlara, daha güclü səsboğucu sistemə malikdir. Onun mühərriki yanacağı daha səmərli işlədir. Birdəfəlik uçuş məsafəsi 6 min kilometr olan "Airbus A320neo" 12 nəfər biznes, 138 nəfər ekonom sinifdən ibarət olmaqla, ümumilikdə, 150 yerlik salona malikdir.

Gələn ay aviaşirkət növbəti "Airbus A320neo" markalı təyyarəni özəlləşdirməyi planlaşdırır.

Milli.Az