"Qəbələ" Yurçeviçin qərarına təəccüblənib – Özü cavab verməlidir...

14 Mart 2019 21:16

"Bu, milli komandanın baş məşqçisinin qərarı, seçimidir. Məncə, Yurçeviçin öz strategiyası, taktikası var və buna uyğun oyunçular seçib. Kimi görübsə, onu da çağırıb".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı deyib. Əyalət təmsilçisindən bu dəfə bir futbolçunun belə milliyə dəvət olunmamasına münasibət bildirən klub rəsmisi bunu Nikola Yurçeviçin seçimi ilə əlaqələndirib. S.Səfiyarlı baş məşqçinin qərarının onlar üçün təəccüblü olduğunu söyləsə də, bunu prinsipial məsələ kimi qəbul etmədiklərini deyib:

"Yurçeviçin "Qəbələ"dən heç kimə dəvət göndərməməsi o demək deyil ki, bizim oyunçuları zəif hesab edir, yaxud bəyənmir. Biz öz futbolçularımızın ən yaxşılardan olduğuna inanırıq. Başqa ölkələrdə də buna oxşar nümunələr var. Misal üçün, Sane kimi oyunçunu dünya çempionatına aparmamışdılar. Amma Sane zəif futbolçu deyil. Millinin rəqibi Xorvatiyadır. Bəlkə ona başqa tipdə oyunçular lazımdır. Ola bilər, digər rəqiblərlə matçlara "Qəbələ"dən də futbolçular çağıracaq. Seçimin düz və ya səhv olduğunu da nəticələr göstərəcək".

S.Səfiyarlının "Milliyə autsayder "Sumqayıt"dan 2 futbolçu çağırılır, "Qəbələ"dən isə heç bir oyunçuya dəvət göndərilmir" fikrinə münasibəti isə bu cür olub: "Bu sualın cavabı bizdə deyil. Baş məşqçi cavab verməlidir ki, niyə belə edib. Biz ona deyə bilmərik ki, niyə "Qəbələ"dən heç kimi çağırmamısınız".

Qeyd edək ki, Yurçeviç Xorvatiya və Litva ilə oyunlar üçün açıqladığı siyahıda "Qəbələ" ilə yanaşı, "Zirə" və "Keşlə"dən də heç bir futbolçuya yer verməyib.

Milli.Az