Azarkeş: "Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil olunub"

14 Mart 2019 20:37

Milli Gimnastika Arenasında yarışlar yüksək səviyyədə təşkil olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun tamaşaçısı Aynurə Əlizadə deyib.

A.Əlizadə oğlunun da idman gimnastikası ilə məşğul olduğunu bildirib: "Hər dəfə ölkəmizdə keçirilən turnirləri böyük maraqla izləyirik. Biz Milli Gimnastika Arenasında təşkil edilən bir çox yarışlarda olmuşuq və hər zaman burada olmaqdan böyük zövq almışıq".

Azarkeş Azərbaycan gimnastlarına turnirdə böyük uğurlar arzulayıb: "İdmançılarımıza həmişə birinci olmalarını arzulayıram. Onların yarışlarda uğuru bizim üçün böyük xoşbəxtlikdir".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az