“Qala” Dövlət Qoruğunda Novruz festivalı keçiriləcək

14 Mart 2019 17:57

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 21-22-də Novruz bayramı münasibətilə "Sənətkarlıq məhəlləsi - 2019" adlı festival keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda baş tutacaq festivalda müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək.

Milli və müasir musiqi nömrələrinin, milli rəqslərin, maraqlı, hədiyyəli viktorina və oyunların yer alacağı tədbirdə həmçinin yeni Qala Atçılıq mərkəzinin açılışı da baş tutacaq.

Novruz festivalında atlıların müşayiəti ilə məşəllərin gətirilməsi və bayram tonqalının yandırılması, "Zorxana"nın pəhləvan güləşçiləri və "türk döyüşü növləri"ni nümayiş etdirən 90 nəfərlik idmançı qrupların möhtəşəm çıxışları, "Face Art" və xınayaxdı mərasimlərində milli bəzək və naxışların çəkilməsi, eləcə də uşaqlar üçün "Pozitiv kids" studiyasında maraqlı əyləncələrin təşkili, tədbir boyu qurulmuş xüsusi çadırlarda taxta üzərində oyma işləri, dekorativ narların, milli geyimli gəlinciklərin hazırlanması, bəzək əşyalarının toxunması və tikilməsi kimi əl işlərinin icra proseslərinin nümayişi, Azərbaycan mətbəxinin əvəz olunmaz hissəsi olan çay dəstgahı - samovar çayı, şabalıd qovurması, "Səməni" halvası və kababların hazırlanması, lavaşın bişirilməsi, meyvə şirələrinin, müxtəlif çərəzlərin satışı keçiriləcək.

Festival günlərində şəhərimizin sakinləri və xarici qonaqların şənlikdə rahat iştirakının təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Gediş İçərişəhər, Qoşa Qala qapılarından saat - 11:00-15:00-dək (1 saat interval ilə), Qala Qoruğundan qayıdış isə saat - 13:00-17:30-dək (1 saat interval ilə) olacaq.

Festival 2 gün müddətində "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda (Xəzər rayonu, Qala kəndi, Sülh küç-83) gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

Milli.Az