Qocaldıqca bədənimizdə bu dəyişikliklər baş verir – ÖZÜMÜZÜ TANIYAQ

14 Mart 2019 21:25

Hər il insan orqanizmində müəyyən dəyişikliklər müşahidə edilir.
 
Milli.Az medicina.az-a istinadən hər 10 ildən bir orqanizmdə baş verən dəyişikliklər haqda məlumat verir. Bu məqalə sayəsində siz bədəninizdə baş verən dəyişiklilər haqda əvvəlcədən məlumatlı olacaqsınız.  

20-30 yaş arası

Bu yaşda insanlar daha aktiv, gümrah və ambissiyalı olurlar. Bu zaman kəsiyində insanlar daxildən dəyişirlər. Əslində isə orqanizmdə həqiqətən də bir sıra dəyişikliklər baş verir.

Belə ki, maddələr mübadiləsi zəifləyir, kollagen sintezi azalır, ağıl dişləri çıxır, sümüklərin böyüməsi isə dayanır.

Amma bir şeyi unutmaq olmaz ki, hər bir insanın orqanizmi fərdidir. Məsələn, bəzilərində ağıl dişləri tez, bəzilərində isə gec çıxır. Amma çox hallarda bu dəyişiklərin vaxtı üst-üstə düşür.

30-40 yaş arası

Bu yaş arası insanların orqanizmlərində daha nəzərə çarpacaq dəyişikliklər baş verir. Əsasən, əzələlərin tonusu azalır, əzələ kütləsi azalaraq, piy toxuması ilə əvəzlənir. Bəzi insanların saçları ağarmağa başlayır. Bunun səbəbi isə  melanosidlərin aktivliyinin azalmasıdır. Bundan əlavə, kollagen və elastinin sintezi də zəifləyir.

Əgər bu yaşa qədər hələ də idmanla məşğul olmamısınızsa, o zaman bu haqda düşünməyin tam zamanıdır. Çünki oturaq həyat tərzi orqanizmdə baş verən dəyişikliklərin daha da sürətlənməsinə səbəb olur. Günəşdə qaralmaqdan çəkinin, dərinizə qulluq edin.

40-50 yaş arası

Hesab olunur ki, 40 yaşdan sonra orqanizmin aktiv qocalması gedir. Həqiqətən də bu dövrdə orqanizmdə olan dəyişikliklər sürətlə gedir. Görmə zəifləyir, qadınlarda esterogen hormonunun səviyyəsi azalır, qan təzyiqi yüksəlir. Orqanizm daha rahatlıqla piy toxuması toplayır və əzələ kütləsi azalmağa başlayır. Bundan başqa sümüklər və oynaqlar zəifləyir, sinir hüceyrələrinin  sayı azalır.  

Bu yaşda insanlara idman vacibdir. Əks halda, yaşlandıqda mənfi nəticələrlə üzləşmək olar. Yaşı olar ki, daha yüngül idman növləri ilə məşğul olasınız.

50-60 yaş arası

Bu yaşda siz özünüzü güzgüyə baxdıqda tanımaya bilərsiniz. Çünki insanın xarici görünüşündə çox böyük dəyişikliklər gedir. Amma buna qidalanma, idman, stress və s. kimi bir çox amillər təsir edir. Bu yaşda baş beyinin və digər orqanların hüceyrələrində bir çox xəstəliklərin yaranma riski artır. Beyin öz funksiyasının yerinə yetirməkdə çətinlik çəkir. Buna bağlı olaraq da diqqət və konsentrasiya zəifləyir.

60-70 yaş arası

Fiziki dəyişikliklərlə yanaşı daxili dəyişikliklər də baş verir. Məsələn, sümüklər daha  zəif və kövrək, tez qırılan olur. Səs dəyişməyə başlayır.  Onurğa arası disklər əridiyi üçün insanın boyu nəzəçarpacaq dərəcədə qısalır. Dad və sinir reseptorlarının aktivliyi azalır. İnsan dadı, qoxunu gec təyin edir.

60-70 yaş arası insanlar qan-damar sistemlərinə, ürəklərinin fəaliyyətlərinə diqqət yetirməli, mütləq tibbi müayinədən keçirməlidirlər.

70 yaşdan sonra

70 yaşdan yuxarı insanlar yaşlı hesab olunurlar. Bəziləri bu yaşda  yaxşı formada olurlar, bəzilərinin isə xarici görünüşləri tamam dəyişir.  Bu zaman ən çox dəyişən orqanizmin daxili olur.

İlk əvvəl, əzələ kütləsi azalır. İnsan tez yorulur ki, bu zaman fiziki gücü zəifləyir. Bundan əlavə, dərialtı piy təbəqəsinin həcmi azalır. Həmçinin, tənəffüs, həzm kimi  proseslər zəifləyir. Toxumaların regenerasiyası zəifləyir. Başqa sözlə yaşlı insanlarda yara çox uzun müddətdə sağalır.

Milli.Az