Deputat: "Xəstəxanalarda infeksion nəzarət komitələri yaradılmalıdır"

14 Mart 2019 17:34

"Bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin yaradılmasına və funksiyalarının yaradılmasına ehtyac var. Çünki bu funksionallıq saxanılmadıqda sadəcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəliklər də böyük təhlükəli hala gələ bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.

R.Mahmudovun sözlərinə görə, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir:

"Çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir. Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə hansısa əksikliklər var. Əminliklə deyərəm ki, - bunu Ümumdünya Səhiyyə Təşkilatı da deyir,- vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda onun sağlamlığında gələcəkdə problemlər yaranır".

Milli.Az